Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatın sayı əvəzinə, deputatın "sayılması"... Milli Məclisdə kəmiyyət yox, keyfiyyət artırılmalıdır
Deputatın sayı əvəzinə, deputatın "sayılması"... Milli Məclisdə kəmiyyət yox, keyfiyyət artırılmalıdır

Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, Azərbaycanda əhali sayı artdığı üçün deputatlaırn da sayı artmalıdır. Bəli, ilk baxışda məsələ məntiqli görünə bilər. Əhali sayı artıb, deputatların "yük"ü artıb, buna görə də sayı artırılmalıdır. Amma bizim Milli Məclisə diqqət yetirib, sonra demək lazımdır ki, məsələ sadəcə rəqəmlərlə ölçülmür.

Rəqəmlərə diqqət yetirək: Azərbaycan əhalisi bu gün 10,3 milyondur. Milli Məclisdə 125 deputat var. Yəni hər deputata təxminən 80 min nəfər düşür. Digər ölkələrlə müqayisə etsək görərik ki, bu rəqəm kritik deyil.

Xüsusi qeyd: Azərbaycanda bəzi deputatların heç seçicisindən xəbəri yoxdur...

  • Türkiyədə 600 deputat var, əhalisi 85 milyondur. Burada hər deputata 140 min nəfər düşür, Fransada 577 deputat var, bir deputata 110 min nəfər düşür.
  • Ermənistanın 3 milyon əhalisi 107 deputatı və hər deputata 27 min nəfər düşür.
  • 3,7 milyon əhalisi olan Gürcüstanda bu rəqəm 150-dir ki, hər deputata 28 min nəfər düşür.

Hazırda Azərbaycanda hər deputata düşən seçici sayı beynəlxalq standartlara görə normaldır. Deputat sayı parlamentin səlahiyyəti artırıldıqda, inzibai bölgü dəyişdirildikdə, ya da mövcud olan təmsilçilik zəiflədiyində zəruri şəkildə artırılır.

Bu gün Azərbayacn Milli Məclisində əsas problem deputat sayının az olması deyil, parlamentin effektivliyi və qanunvericiliklə bağlı fəaliyyət, həmçinin vətəndaşlarla əlaqələrdir.

Ad çəkmək istəmirəm; bəzi deputatların vətəndaşlarla görüşləri sadəcə formal xarakter daşıyır, görüş baş tutdu, şəkillər çəkildi, sosial şəbəkələrdə və saytlarda yayımlandı, iş bitdi. Bəlkə bunu heç kim demək istəmir, ya da deməkdən çəkinir. Amma Milli Məclisdə fəaliyyəti olmayan, müzakirələrə qoşulmayan, ağzına su alıb oturan, vətəndaşın işinə yaramayan deputatlar elə həmin binadan uzaqlaşdırılmalıdır.

Etiraf etməkdən çəkinməyək ki, ölkədə bəzi deputatlar öz seçicisindən xəbərsiz işləyir. Məsələn; mən əvvəllər yaşadığım ərazi üzrə olan deputatın sadəcə adını bilirdim. Yaşadığım ərazini dəyişdikdən sonra, hazırda olduğum ərazi üzrə deputatı tanıyıram, faəliyyətindən xəbərim var. Bu yaxınlarda ərazi üzrə deputatımız Azər Allahverənov Zabrat, Pirşağı və digər kəndlərin problemlərini Milli Məclisdə müzakirə edə bilmişdi. Bu da o deməkdir ki, yəni deputat vicdanlıdırsa, öz ərazisi ilə maraqlanır, problemlərini Milli Məclisə daşımaq gücündə olur.

Təəssüflə qeyd edək ki, bəzi deputatlar adları sadəcə Milli Məclisdə yuxulamaları və biznes fəaliyyətləri ilə tanınır, gördükləri işlərlə deyil. Bu deputatlar mətbuata da açıq deyil. Çünki onlara sadəcə deputat toxunulmazlığı lazımdır ki, kənarda olan bizneslərini qoruya bilsinlər.

Sözümün canı odur ki, deputatların sayını artırmaq mövcud boşluğu doldurmayacaq...

İndi düşünün, mən bir jurnalist olaraq, deputata yazıb cavab ala bilmirsəmsə və yaxud hansısa deputatla danışmaq üçün onun köməkçisinə yazıb cavab ala bilmirəmsə, həmin deputatın seçicisi onunla necə əlaqə saxlayıb problemini danışa bilər ki?

Milli Məclisdə say deyil, keyfiyyət artırılmalıdır. Bəli, əhali artımı nəzərə alınmalıdır, amma bu gün Milli Məclsidə deputat çatışmazlığı kimi fövqəladə bir hal yoxdur. Bunun əvəzinə deputat-seçici əlaqələri gücləndirilməlidir, parlament institutunun funksional imkanları artırılmalıdır.

Yaxşı olardı ki, Elman Nəsirov deputatların say artımını gündəmə gətirərkən, onların fəaliyyətlərinin effektivliyindən də söz açaydı. İndiki demoqrafik artım deputat sayının artması üçün yetərli əsas deyil.

Mənim bir sualım var: “Parlamentdə yuxulayan, seçicisinin işinə yaramayan, seçicisini tanımayan, seçildiyi ərazinin problemlərindən xəbəri olmayan və bunları gündəmə gətirə bilməyən deputatları dəyişə bilərikmi?”

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »