Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nərimanov sakinləri qiymət artımına etiraz edir: “İmkan versinlər, özümüz idarə edək”
Nərimanov sakinləri qiymət artımına etiraz edir: “İmkan versinlər, özümüz idarə edək”

Nərimanov rayonu, Qarabağ küçəsi 48 ünvanında yerləşən 16 mərtəbəli binanın sakinləri kommunal xidmət haqqının iki dəfə artırıldığını deyir. Sakinlərin sözlərinə görə, müqavilədə hər kvadrat metrə görə 45 qəpik nəzərdə tutulan qiymət indi 90 qəpiyə qaldırılıb.

Bizimyol.info xəbər verir ki, sözügedən binanı “East Park” Mənzil-Tikinti Kooperativi inşa edib. Sakinlər hesab edir ki, şirkət rəhbərliyi heç bir zərurət olmadan qiymətləri qaldırıb. Onlar deyir ki, bahalaşma qərarı əsaslandırılmayıb. Bunu özbaşınalıq hesab edirlər.

Narazı vətəndaşlarla söhbətdən o da məlum oldu ki, qiymət bir müddət əvvəl 45 qəpikdən 60 qəpiyə qaldırılmışdı. İndi isə 90 qəpik olub.

Qiymət artımına etiraz edən sakinlər binanın idarəçiliyini öz üzərlərinə götürmək istəyirlər. Bununla əlaqədar 200 nəfərə yaxın vətəndaş imza toplayıb. Deyirlər ki, tikinti şirkəti onların tələblərinə əhəmiyyət vermir: “Deyirlər ki, guya binanın saxlanma xərcləri artıb, ona görə ev pulunu qaldırırlar. Əvvəla, hesabat versinlər, görək ki, nə qədər xərc çıxır, nə qədər pul yığılır. Yəni qiymət artımına ehtiyac var, yoxsa yox. İkincisi, bu ərazidə başqa binalar da var. Hansı birində kvadrat metri 90 qəpikdən ev pulu yığılır? Faktiki qiyməti iki dəfə artırıblar – 45 qəpik idi, 90 qəpik eləyiblər. Üçüncüsü, əgər sərf eləmirsə, imkan versinlər, sakinlər olaraq, cəmiyyət yaradaq, özümüz idarə edək”.

“East Park” MTK-dan isə bildirilib ki, sakinlərin etirazları əsassızdır. Çünki zaman keçdikcə, qiymətlər bahalaşdıqca binanın saxlanma xərcləri də artır. Bu səbəbdən ödənişlərin artırılması zərurəti yaranır: “Sakinlərdən xidmət haqqı ödənişləri rəsmi köçürmə yolu ilə qəbul olunur və bu barədə sənədlər istənilən vaxt təqdim oluna bilər”.

Şirkət təmsilçiləri Nərimanov rayonunda həmin ərazidə inşa edilmiş digər çoxmərtəbəli binalarda xidmət haqlarının daha ucuz olması fikri ilə razılaşmır: “Əvvəla, digər binalarda xidmət haqlarının bizdən kəskin ucuz olması haqda deyilənlər həqiqətə uyğun deyil. İkincisi, qiymət həm də binanın lifti, həyətyanı sahəsi, göstərilən xidmətlərdən asılıdır. Hətta iki yanaşı binada qiymət eyni olmaya bilər”.

Şirkətdən əlavə ediblər ki, sakinlərin əksəriyyəti ödənişləri vaxtında yerinə yetirir və heç bir narazılıq yoxdur. Bir qisim sakin isə nəinki 90 qəpik, hətta 60 qəpik olanda da ödəmirdilər. Bu səbəbdən məhkəməyə də müraciət olunub və qərarlar çıxarılıb.

Qeyd edək ki, bir çox yeni tikilmiş çoxmərtəbəli binaların idarə edilməsi üçün sakinlər könüllü birlik - Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaradırlar. Bu qurumun fəaliyyəti Mənzil Məcəlləsi ilə tənzimlənir.

Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »