Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Xarici vətəndaşın Türkiyədə yaşayış icazəsi (oturumu) və ya rəsmi gəlirləri varsa, ipoteka krediti götürmək imkanı da var”
“Xarici vətəndaşın Türkiyədə yaşayış icazəsi (oturumu) və ya rəsmi gəlirləri varsa, ipoteka krediti götürmək imkanı da var”

Türkiyədə daşınmaz əmlak sahibi olmaq azərbaycanlılar arasında da maraqla qarşılanır. Bəziləri sərfəli investisiya imkanlarını dəyərləndirmək, digərləri isə yaşayış və ya tətil məqsədilə ev almaq istəyir. Xarici ölkədə mülkiyyət sahibi olmaq isə müəyyən hüquqi və maliyyə prosedurlarını bilməyi tələb edir.

Türkiyə Statistika Qurumunun (TÜİK) 2025-ci ilin yanvar–oktyabr dövrü üzrə açıqladığı rəsmi məlumatlar Azərbaycanın Türkiyədən daşınmaz əmlak alışı üzrə mövqeyinin daha da gücləndiyini göstərir. Statistikaya əsasən, Azərbaycan vətəndaşları 2025-ci ilin ilk 10 ayında Türkiyədə ümumilikdə 741 mənzil alıblar ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə nəzərəçarpacaq artımdır. 2024-cü ilin yanvar–oktyabr aylarında Türkiyədən cəmi 682 mənzil alan Azərbaycan vətəndaşları 2025-ci ildə bu göstəricini 59 mənzil və ya təxminən 8,6% artırıblar.

  • Türkiyədən ev almaq üçün ilk növbədə hansı addımları atmaq lazımdır? Hara müraciət etməli, hansı sənədlər toplanmalıdır?
  • Xaricdən ev alarkən nağd və ya nağdsız ödəniş etmək üçün insanlar nə qədər pul çıxara bilər?
  • Xaricdən ev alarkən vətəndaşlar evin ödəniş məbləğinin müəyyən faizini vergi ödəməlidirmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına əmlak eksperti Elnur Azadov bildirib ki, xarici ölkələrə də investisiya son 10-15 il ərzində turizmin inkişafı ilə əlaqədar daha populyar olub: "Sözsüz ki, bütün dünyada vətəndaşlar təkcə öz ölkələrinə deyil, xarici ölkələrə də investisiya yatırırlar. Son 10-15 ildə bu, xüsusilə turizmin inkişafı ilə əlaqədar daha populyar olub. Azərbaycan vətəndaşları üçün isə bu sahədə əsas prioritet ölkə hər zaman Türkiyə olub.

Azərbaycan vətəndaşlarına 2012-ci ildən etibarən Türkiyədən daşınmaz əmlak almağa icazə verildi. Bu, Türkiyə hökumətinin müəyyən etdiyi ölkələr siyahısına əsasən mümkün olub. İlk illərdə bu imkanlardan istifadə kifayət qədər fəal idi. Xüsusilə 2015-ci ilə qədər türk inşaat şirkətləri Azərbaycanda keçirilən daşınmaz əmlak və inşaat sərgilərində aktiv iştirak edirdilər. Lakin sonrakı illərdə bu tendensiya tədricən zəifləməyə başladı. Çünki gözlənildiyi kimi, Azərbaycandan Türkiyəyə böyük həcmdə investor axını baş vermədi. Buna baxmayaraq, il ərzində orta hesabla 500-800 mənzil alışı qeydə alınıb".

Elnur Azadov Elnur Azadov

  • Nə üçün prioritet ölkə Türkiyədir?

“Türkiyə bizim üçün qardaş ölkədir, dil problemi yoxdur, gediş-gəliş isə olduqca rahatdır. Artıq vizasız və uzunmüddətli giriş-çıxış imkanları mövcuddur. Üstəlik, bu proseslər daha da sadələşdirilib. Digər tərəfdən, bir çox Azərbaycan vətəndaşının Türkiyədə qohumları var və orada ticarətlə məşğul olanların sayı kifayət qədər çoxdur. Həmçinin Türkiyədə təhsil almış və hazırda da xeyli təhsil alan azərbaycanlı tələbələr mövcuddur. Bu baxımdan Türkiyəyə daşınmaz əmlak yatırımı əsasən iki məqsəd daşıyır: birincisi, sırf investisiya məqsədilə, ikincisi isə gələcəkdə övladlarının təhsili üçün yaşayış təmin etmək. Bir çox insan kirayə yerinə ev almağa üstünlük verir. İl ərzində qiymətlərin 5-10% artması və ya azalması normal sayılır, xüsusilə nəzərə alsaq ki, Türkiyədə inflyasiya yüksəkdir.

Ümumiyyətlə, Türkiyə dünya üzrə daşınmaz əmlak investisiyası baxımından ilk onluqda yer alır. Bunun bir sıra səbəbləri var: daimi qiymət artımı, sabit və sağlam investisiya və biznes mühiti, eyni zamanda ölkənin güclü turizm potensialı və beynəlxalq aləmdə açıq olması.

Türkiyədə sistem Azərbaycandakından fərqlidir. Bizdə tikinti şirkətləri həm inşaat işlərini aparır, həm də daşınmaz əmlakın satışını özləri həyata keçirirlər. Türkiyədə isə, Avropa modeli tətbiq olunur: tikinti şirkətləri yalnız inşaatla məşğul olur, satış və idarəetmə isə əmlak şirkətlərinə həvalə olunur. Bu şirkətlər yalnız satışı deyil, eyni zamanda alınmış əmlakın investisiya baxımından idarəsini də həyata keçirirlər. Bu, Azərbaycanda da tətbiq olunmağa başlasa, müsbət nəticələr verə bilər. Satış və idarəetmə proseslərinin peşəkar əmlak komandalarına ötürülməsi həm sektorun inkişafına, həm də müştəri məmnuniyyətinə xidmət edər.

Məsələn; Türkiyədə əmlak satışı, icarəsi və turizm sahəsində fəaliyyət göstərən şirkətlər ya birgə çalışır, ya da bu funksiyalar bir şirkət daxilində birləşdirilir. Belə şirkətlər turistlər üçün uyğun paketlər hazırlamaqla yanaşı, onlara daşınmaz əmlakın icarəsi və investisiya məqsədli satışı xidmətlərini də təklif edirlər. Əgər bir şəxs Türkiyədə daşınmaz əmlak alırsa, o, ölkəyə təkrar gəlmədən əmlakın idarəsini həmin şirkətə etibar edə bilər. Bu, müqavilə əsasında həyata keçirilir və əmlakın təmiri, təmizliyi, qorunması, eləcə də daimi icarəçiyə verilməsi bu şirkət tərəfindən təmin olunur. Bu xidmətdən bizim vətəndaşlar da faydalanırlar”-deyə ekspert qeyd edib.

Elnur Azadov vurğulayıb ki, Türkiyədə natamam binaya belə çıxarış verilir: “Türkiyədən daşınmaz əmlak almaq üçün ciddi şərtlər tələb olunmur. Xarici pasportun olması ilkin müqavilənin bağlanması üçün kifayətdir. Ölkədə daşınmaz əmlak sektoru kifayət qədər inkişaf edib və alıcılar üçün geniş imkanlar mövcuddur. Həm tikinti şirkətləri tərəfindən daxili kreditlər təklif olunur, həm də qısamüddətli maliyyə dəstəkləri mümkündür.

Əgər xarici vətəndaşın Türkiyədə yaşayış icazəsi (oturumu) və ya rəsmi gəlirləri varsa, ipoteka krediti götürmək imkanı da var. Ümumiyyətlə, burada proseslər olduqca sistemli, mükəmməl və şəffaf şəkildə təşkil olunub. Bir çox hallarda tikinti şirkətləri biznes layihələrini həyata keçirərkən, banklarla əməkdaşlıq çərçivəsində həmin layihələri tam paket şəklində təqdim edirlər. Tikinti işlərinə şirkət başlayır, maliyyələşmə isə bank tərəfindən təmin olunur.

Bu prosesdə realtorların da mühüm rolu var. Beləliklə, developer (tikinti şirkəti), bank, torpaq sahibi (bələdiyyə) və alıcı - bu zəncirin hər bir halqası bir-biri ilə koordinasiyalı şəkildə işləyir və nəticədə hər kəs prosesdən məmnun qalır.

Türkiyədə natamam (tikintisi başa çatmamış) binaya belə çıxarış (orada "tapu" adlanır) verilir. Bu sənəd əmlak üzərində mülkiyyət hüququnu təsdiqləyir. Bu sistem alıcını potensial risklərdən, o cümlədən binanın tamamlanmaması ehtimalından qoruyur. Çünki layihələrin maliyyələşməsi əsasən banklar tərəfindən təmin olunur və ayrılan vəsait yalnız binanın inşasına yönəldilir”.

Elnur Azadov qeyd edib ki, Azərbaycan qanunvericiliyinə əsasən, vətəndaş ölkədən 10 min ABŞ dolları məbləğində vəsaiti nağd formada çıxara bilər: “Vəsaitin Türkiyəyə transfer olunmasında ciddi bir çətinlik yoxdur. Azərbaycan vətəndaşı oradakı tikinti şirkətinin hesabına bank vasitəsilə ödəniş edə bilər. Bu proses zamanı yalnız bank komissiya xərcləri ortaya çıxa bilər. Azərbaycanda fəaliyyət göstərən bir neçə beynəlxalq bankın filiallarını nəzərə alsaq, bu, o qədər də mürəkkəb və çətin proses deyil.

Nağd şəkildə ödənişə gəldikdə isə, Azərbaycan qanunvericiliyinə əsasən, vətəndaş ölkədən maksimum 10 min ABŞ dolları məbləğində vəsaiti nağd formada çıxara bilər. Amma ümumilikdə Türkiyədə ödənişlər əsasən bank köçürmələri ilə həyata keçirilir, bizdəki kimi nağd və ya kreditlə alış geniş yayılmayıb.

Vergiyə gəlincə, əsas vergi öhdəliyi daşınmaz əmlakı satan tərəfin üzərindədir. Bu, istər birinci əl (tikinti şirkəti), istərsə də ikinci əl (şəxsi mülkiyyətçi) satışlarda fərq etmir. Alıcının üzərinə yalnız sənədləşmə və rüsum xərcləri düşür ki, onlar da nisbətən yüksək məbləğ təşkil etmir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »