Prezident İlham Əliyev bu günlərdə Ağdamdan çox maraqlı və önəmli bəyanatlar verib. Bu bəyanatın bir məqamını xüsusilə diqqətlə oxumağa və şərh etməyə ehtiyac var.
Həmin hissəni aşağıda təqdim edirik.
Prezident deyib: "Bizim həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı nəticəsində Ermənistandan qənimət kimi götürdüyümüz və məhv etdiyimiz silahların pul dəyəri təqribən 5-6 milyard dollardır. Bunların dağılmış bəzi nümunələri Bakıda Hərbi Qənimətlər Parkında nümayiş etdirilir, o cümlədən “İsgəndər M” ballistik raketi, hansı ki, ümumiyyətlə, Ermənistanda olmamalı idi. Çünki “İsgəndər M” raketinin ixracı qadağandır. Əgər belə demək mümkündürsə, ixraca açıq olan “İsgəndər E”, yəni eksport növüdür. “İsgəndər M” raketi necə Şuşaya zərbə endirdi? Elə bu, böyük sualdır. Yəni pulsuz silah, maliyyə yardımı. Hər il Amerikada, Fransada marafonlar keçirilirdi. Separatçılar, separatçı liderlər, - hansılar ki, bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər, - oraya vizalar alırdılar. Necə ola bilər? Minsk qrupunun həmsədr ölkələrinə separatçılar necə gedə bilərdilər? Axı digər separatçı ərazilər də var. Onlara Amerikaya, yaxud da ki, Fransaya kimsə viza verə bilər? Gedin, baxın, bu gün nə qədər separatçı inzibati ərazi var?! Ukrayna ərazisində, Moldova ərazisində, Gürcüstan ərazisində separatçı yuvalar var. Onların rəhbərlərinə Amerika, Fransa, Avropa ölkələri viza verə bilər? Yox. Amma erməni separatçılarına niyə vizalar verilirdi? Yəni dediyim sözün bir təsdiqi də budur. Onlar telemarafonlar keçirirdi, 100 milyonlarla dollar pul yığırdılar. Onlara gizli mənbələrdən də pul ötürülürdü, bir məqsədlə ki, bu torpaqları əbədi işğal altında saxlasın, Azərbaycan xalqına divan tutsun, bu şəhər və kəndləri daim nəzarət altında saxlasın. Bax, görün biz kimlərlə kəllə-kəllə getmişik. Biz görün Ermənistana olan hansı dəstəyin fonunda İkinci Qarabağ müharibəsində Qələbə qazanmışıq".
Prezidentin dediklərindən bir neçə nəticə çıxır. Birincisi, Rusiya nəinki əvvəllər, elə 44 günlük müharibə dövründə belə heç də neytral olmayıb, açıq-gizli şəkildə Ermənistanın yanında dayanıb. İkinci Qarabağ müharibəsində Rusiyanın guya tərəf tutmaması haqqında iddialar tamamilə həqiqətdən uzaqdır; təkcə "İsgəndər -M" raketi ilə Şuşaya zərbə endirilməsi bunun bariz isbatıdır. İxracı qadağan olunmuş Rusiya silahı Ermənistana gəlib çıxır və Şuşada Azərbaycan ordusu, ərazisi bu raketlə hədəf alınır. Bu, Ermənistan tərəfinin bacaracağı bir iş deyildi. Rusiyanın dəstəyi olmasaydı, bu raketi heç kim Azərbaycana ata bilməzdi. İkincisi, prezident ABŞ-ın və Fransanın Ermənistana dəstəyinə toxunub. Bu, həm maliyyə, həm siyasi, həm diplonatik və sair formalarda olub. Prezident haqlı olaraq sual edir: Qarabağdakı separatçı xuntanın başçıları Amerikaya, Fransaya necə rahatlıqla viza ala bilirdi? Onlara necə viza verilirdi? Ukraynanın, Moldovanın, Gürcüstanın ərazilərindəki separatçılara viza verilmirdi, amma Qarabağdakı separatçılara verilirdi. Bu da Qərbin üzdə bir cür, arxada başqa cür davranışının nəticəsidir. Eləcə də, Rusiyanın və sair.
Prezidentin çıxışında maraqlı nüanslardan biri məhz Rusiya ilə bağlıdır. Azərbaycan dövlətinin başçısı Ukraynanın, Gürcüstanın, Moldovaın ərazilərində separatçıların yuvaları haqda danışır. Bu yuvaları kim qurub? Əlbəttə, Rusiya hakimiyyəti. Qərb dövlətləri və beynəlxalq təşkilatlar bu ölkələrdəki separatçılara viza qoyur, sanksiya tətbiq edir, onları pisləyir, lənətləyir... Niyə?! Çünki həmin separat strukturları birbaşa Rusiya yaradıb və arxasında öz ordusu, maliyyəsi, bütün resursları ilə dayanıb. Ona görə Qərb Ukraynadakı, Gürcüstandakı, Moldovadakı separatçıları sevmir, ancaq nədənsə Qarabağdakı erməni separatçılarını sidq ürəkdən və bütün büdcəsi ilə sevirdi, dəstəkləyirdi. Buna baxmayaraq, Azərbaycan Qarabağdakı separatçı yuvanı darmadağın etdi və öz ərazi bütövlüyünü, suverenliyini bərpa edə bildi. Başqa sözlə, Azərbaycan öz ərazisini işğaldan azad edərkən, təkcə Ermənistana qarşı vuruşmurdu ki! Buna baxmayaraq, Azərbaycan qalib gəldi. Özündən qat-qat böyük dövlətlərə - qlobal güclərə də müəəyən mənada qalib gəldi.
Bu qalibiyyət hissini hələ başqa bir tərəfi də var: dünənə qədər Ukraynanın ərazi bütövlüyünə siyasi dəstək verən həmin o güclər, indu Ukraynanı məcbur edir ki, öz ərazisinin bir hissəsini Rusiyaya peşkəş etsin.
Azərbaycan prezidenti Ukraynaya, Gürcüstana, Moldovaya ironiya etmir, yox! Tam əksinə, taleyin ironiyasına diqqət çəkir: Qərb dövlətləri beynəlxalq platformalarda Ukraynanın, Gürcüstanın, Moldovanın ərazi bütövlüyünə səs verəndə, Azərbaycanın heç adını belə çəkmirdilər, amma bu gün Azərbaycanın ərazi bütövlüyü reallıqda var (Azərbaycan öz gücünə bunu təmin edib), amma Ukraynada, Gürcüstanda, Ermənistanda hələ də separatçılıq yuvaları qalır, bu ölkələrin ərazi bütövlüyü və suverenliyi hələ də pozulmuş haldadır.
Yenə də əvvəlki fikrin üzərinə qayıtmaq istəyirəm: bəziləri - həm ölkə daxilində, həm də xaricdə - belə bir iddia irəli sürürlər ki, guya Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün hərbi əməliyyatlar aparanda Qərb ölkələri, eləcə də, Rusiya, İran kimi dövlətlər buna "göz yumdular", neytral yanaşdılar, Ermənistanı dəstəkləmədilər. Guya bu qələbə Azərbaycan üçün sanki göydəndüşmə kimi olub və sair.
Prezident İlham Əliyevin dekabrın 22-də Ağdamdakı çıxışı bu cür iddialara, onları irəli sürənlərə təkzibolunmaz faktlarla və tutarlı arqumentlərlə verilmiş adekvat cavab oldu.
Azərbaycanın tarixi hərbi və diplomatik qələbələrini həzm edə bilməyib şübhə altınaalanlar bəzən deyirlər ki, 44 günlük müharibə ABŞ-da prezident seçkiləri kampaniyası dövrünə düşdüyünə görə, Vaşinqton bu bölgəyə diqqət ayıra bilmədi. Eyni şeyləri Avropa dövlətlərinə də aid edirlər (başları qarışmışdı, daxili məsələlər var idi və sair).
Bunların hamısı tutarsız fikirlərdir (əgər bunlara "fikir" demək olarsa), mənasız demoqoqiyadan və məzmunsuz tavtologiyadan başqa bir şey deyil. Ukraynasakı müharibənin davam etdiyi bu dörd ilə yaxın müddətdə həm Almaniyada, həm Böyük Britaniyada, həm Fransada, həm ABŞ-da, eləcə də, Polşada, Niderlandda, başqa ölkələrdə seçkilər keçirilib, parlamentlərin tərkibi yenilənib, hökumətlər dəyişib. Çoxunda birinci şəxslər dəyişib, ancaq bir an belə Ukrayna məsələsi diqqətdən kənarda qalmayıb. ABŞ-da onsuz da Azərbaycana qarşı Bayden admonistrasiyası dövründə işlək silah, maliyyə yardımı embarqoları var idi. Onsuz da Bayden-Blinken cütlüyü ABŞ-Azərbaycan münasibətlərini sıfıra endirmişdilər. Ermənistana isə hər mənada "yaşıl işıq" yandırmışdılar. Bunun seçki ilə nə əlaqəsi var?! Hətta səlahiyyət müddətlərinin son aylarında Co Bayden və Entoni Blinken Azərbaycana pressinq edirdi ki, Ermənistanı qane edən (birtərəfli) sülh sazişinə imza atsın. Bunlar ki uzaq tarix deyil. Hansı ölkədə nə vaxt seçki var, ya yoxdur, bundan asılı olmayaraq, Ermənistana dəstək həmişə olub. Hətta heç bir başqa dəstək olmasaydı belə, Azərbaycanın torpaqlarının 30 il müddətində işğal altlnda qalmasına göz yummaq elə Ermənistana ən mühüm dəstək idi. Əvvəllər də bu ritorik sualı vermişəm, yenə də yeri düşüb, təkrar xatırladıram: necə olur ki, Rusiyanın Ukraynaya hücumundan heç 30 gün keçməmiş ona qarşı ə sərt beynəlxalq sanksiyalar gündəmə gəldi, tətbiq edildi, ancaq 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana heç bir sanksiya tətbiq edilmədi?! Halbuki Ermənistan Rusiyanın 89 əyalətindən biri qədər idi (hətta faktiki 90-cı əyaləti idi).
Məsələ aydındır. Hər şey o qədər açıq-aşkardır ki, əlavə şərhə ehtiyac qalmır.
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info





