Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xaricdə 600 min saxta dollarla 1 milyonluq kriptovalyuta alan azərbaycanlılar Bakıda tutuldu
Xaricdə 600 min saxta dollarla 1 milyonluq kriptovalyuta alan azərbaycanlılar Bakıda tutuldu

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi xaricdə 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən iki nəfəri Bakıda saxlayıb. Bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, xarici ölkələrin birində müxtəlif şəxslərə onlayn kriptovalyuta alqı-satqısı adı altında xüsusilə külli miqdarda ziyan vuran Azərbaycan vətəndaşları barədə kiberpolisə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində əvvəllər də oxşar cinayətlərə görə Türkiyə və Rusiyada məhkum olunan Malik Guseinov və Mahmud Əsgərli saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, Malik Guseinov Mahmud Əsgərli ilə birgə xarici ölkələrin birinin paytaxtında yerləşən ticarət mərkəzində ofis kirayələyib. Bir müddətdən sonra Malik Guseinov saxta 600 min dolları həmin ticarət mərkəzində yerləşən valyutadəyişmə məntəqəsinə təqdim edərək, 600 min USDT kriptovalyutasının onun hesabına köçürülməsini istəyib. O, 1 milyon manatdan çox dəyəri olan kriptovalyutanın hesabına keçdiyinə əmin olandan sonra həmin ölkəni tərk edib.

Faktla bağlı cinayət işi başlanıb, Malik Guseinov və Mahmud Əsgərli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

“Müasir dövrdə elektron ödəniş və kriptovalyuta ilə aparılan əməliyyatların geniş yayılması bu sahədə dələduzluq risklərini də artırır. Bundan sui-istifadə edən bir sıra cinayətkar qruplar istər virtual məkanda, istərsə də real müstəvidə kibercinayətlər törətməyə və insanların pul vəsaitlərini ələ keçirməyə çalışırlar. Odur ki, xüsusən sosial şəbəkələrdə tanımadığınız şəxslərlə maliyyə əməliyyatları aparan zaman diqqətli olmağınız, habelə “yüksək”, “perspektivli” qazanc vədi verən “kriptolayihələrə” pul yatırmamağınız tövsiyə olunur”, - deyə Daxili İşlər Nazirliyi vətəndaşları xəbərdar edir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »