Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yol qəzalarında həyatını itirənlərlə bağlı dəhşətli statistika: dövlət orqanları neyləməlidir?
Yol qəzalarında həyatını itirənlərlə bağlı dəhşətli statistika: dövlət orqanları neyləməlidir?

Azərbaycanda yol qəzaları və bu hadisələr nəticəsində həyatını itirənlərlə bağlı dəhşətli statistika var. Ölkəmizdə yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı dünya üzrə orta göstəricidən xeyli çoxdur. Bunu təkcə ekspertlər demir, hökumət səviyyəsində də etiraf olunur.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təxminən 3 il əvvəl Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi” tvinninq layihəsinin açılış mərasimində demişdi ki, yol qəzasında həyatını itirənlərin statistikası əhalinin sayına nisbətdə həm MDB, həm də dünya üzrə orta göstəricidən çoxdur.

İllər keçsə də, vəziyyət acınacaqlı olaraq qalmaqdadır. Hələ il başa çatmadığından yol qəzaları və bunun nəticəsində ölənlərlə bağlı 2025-ci ilin yekun statistikası məlum deyil. Lakin bu ilin 9 ayı (yanvar-sentyabr) üzrə Dövlət Statistika Komitəsi rəqəmləri açıqlayıb. Komitənin məlumatına görə, bu müddətdə 9 ay ərzində ölkədə 905 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 507 nəfər həlak olub, 757 nəfər yaralanıb.

Bizimyol.info xəbər verir ki, təkcə son 3 gündə ölkədə müxtəlif yol qəzalarında 10 nəfərdən çox insan dünyasını dəyişib. Ən ağır qəzalardan biri Biləsuvarda baş verib. “Lexus” markalı avtomobilin su kanalına aşması nəticəsində 5 nəfər gənc həlak olub. Onlardan ikisi qardaşdır.

Zərdab rayonunda yol qəzasında 59 yaşlı baba və onun 2 yaşlı nəvəsi dünyasını dəyişib.

Bakıda Hökməli-Qobu yolunda yük maşını ilə “Prius”un toqquşması üç nəfərin ölümü ilə nəticələnib.

Göygöl rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi də ölümlə nəticələnib.

  • Yol qəzaları və ölənlərin sayı Azərbaycanda niyə çoxdur? Bunun qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

Bir xeyli əvvəl “Yol hərəkətinə dair Dövlət Proqramı” qəbul olunmuşdu. 5 illik proqramda qəzaların çoxluğunun səbəbləri, onların aradan qaldırılması yolları öz əksini tapmışdı. Bugünkü mənzərə həmin proqramın nə dərəcədə effektli olub-olmadığını göstəricisi sayıla bilər.

Hüquqşünas Tərlan Yusifov hesab edir ki, hökumətin yol-nəqliyyat hadisələri ilə bağlı ciddi araşdırma aparmasına ehtiyac var. Onun sözlərinə görə, araşdırma aparılsa, bu hadisələri yaradan səbəblər öyrənilsə, ardınca onların aradan qaldırılması üçün addımlar atıla bilər.

“Sürət əsas səbəblərdən biridir, amma başqa amillər də var. Yol infrastrukturundakı problemlərdən tutmuş, yol hərəkəti iştirakçılarının (sürücü, piyada) yetərincə məsuliyyətli, intizamlı olmaması kimi faktorlar da ciddi rol oynayır. Xüsusən bölgələrdə yollarda ciddi problemlər var. Bu istiqamətdə mütləq işlər görülməlidir. Piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinə diqqət yetirəndə görünür ki, piyadaların bir sıra hallarda keçmək üçün nəzərdə tutulmayan hissədə yol keçmək cəhdi onlara həyatları bahasına başa gəlir”, - Tərlan Yusifov bildirib.

Hüquqşünas qeyd edib ki, istər sürücülər, istərsə də piyadalar xüsusən piyada keçidi məsələsində həssas olmalıdır: “Piyadalar yolu keçmək üçün nəzərdə tutulan yerlərdə keçməlidir. Sürücülər də piyada keçidi olan ərazilərdə mütləq sürəti aşağı salmalıdır. Ciddi problemlərdən biri də yeraltı və yerüstü keçidlərlə bağlıdır. “Şamaxinka”dakı yerüstü piyada keçidindəki hündür pilləkənlər insanlar üçün əlverişsizdir. Xəstə, yaşlı insanlar çətin vəziyyətdə qalırlar. Deyə bilərlər ki, lift də quraşdırılıb. Birincisi, o ərazidəki axının qarşısında 1 lift çox azdır. İkincisi, çox vaxt işləmir. Nəhayət, daha uyğun yol olduğu halda, məsələ niyə bu qədər qəlizləşdirilməlidir? Orada eskalator quraşdırılsaydı, insanlar keçiddən daha rahat istifadə edər, avtomobil yolundan istifadə etməyə maraqlı olmazdı. Yaxud da yeraltı keçidlər var ki, eskalatorlar aylarla, illərlə işləmir”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »