Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
28 Noyabr - Azərbaycan milli mətbuatının banisi Həsən Bəy Zərdabinin anım günüdür
28 Noyabr - Azərbaycan milli mətbuatının banisi Həsən Bəy Zərdabinin anım günüdür

Azərbaycan ictimai-siyasi fikir tarixində elə şəxsiyyətlər var ki, onların fəaliyyəti bir millətin taleyinə, düşüncə tərzinə və gələcək yoluna istiqamət verir. Bu şəxsiyyətlərdən ən parlaq simalardan biri Həsən bəy Məlikov Zərdabidir. Azərbaycan milli mətbuatının banisi, qüdrətli maarifçi, publisist, pedaqoq və ictimai xadim.

Hər il onun anım günü yalnız bir tarix deyil, həm də milli oyanışın, söz və fikir azadlığının, təhsilin və maarifçiliyin təntənəsi kimi yadda qalır. Bu gün Həsən bəy Zərdabi irsinə qayıdış, onun ideyalarının mahiyyətinin dərk olunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Həsən bəy Zərdabi 1842-ci ildə Zərdab rayonunda dünyaya göz açmış, elmə və təhsilə böyük maraq göstərmişdir. O, Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil almış, Avropa elmi və ictimai-siyasi düşüncəsi ilə yaxından tanış olmuşdur. Lakin əldə etdiyi bilik və təcrübəni şəxsi rifah üçün deyil, vətəninin maariflənməsi uğrunda sərf etməyi üstün tutmuşdur.

1875-ci il 22 iyul tarixində nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının əsasını qoymuşdur. Bu qəzet sadəcə informasiya vasitəsi deyil, xalqın gözü, qulağı və dili olmuş, cəhalətə, geriliyə, nadanlığa qarşı ideoloji mübarizə meydanına çevrilmişdir. “Əkinçi” insanların düşüncə dünyasını dəyişmiş, milli oyanışa yol açmışdır.

Zərdabinin əsas məqsədi xalqı maarifləndirmək, savadsızlığı aradan qaldırmaq, milli şüuru oyatmaq idi. O, qəzeti vasitəsilə elmə, təhsilə, qadın hüquqlarına, kənd təsərrüfatının inkişafına, dini mövhumata qarşı mübarizəyə çağırış edirdi.

Həsən bəy Zərdabi yalnız jurnalist deyildi. O, müəllim, islahatçı, ictimai tribuna sahibi, düşüncə adamı idi. Onun publisistik fəaliyyəti, çıxışları, məqalələri xalqın şüurunda inqilabi dəyişikliklər yaratdı. O başa düşürdü ki, xalqın azad və güclü olması üçün ilk növbədə onun şüuru, təhsili və dünyagörüşü inkişaf etməlidir.

Zərdabinin maarifçilik fəlsəfəsi bu gün də aktuallığını qoruyur. Müasir Azərbaycanın təhsil, mətbuat və vətəndaş cəmiyyəti sahəsində qazandığı uğurlar məhz onun səpdiyi ideoloji toxumların bəhrəsidir. O, müsəlman Şərqində qəzet nəşr etdirən ilk ziyalı olaraq tarixə düşmüşdür.

Zərdabi açıq şəkildə despotizmə, cəhalətə, istismara və milli hüquqların tapdanmasına qarşı çıxırdı. Onun yazıları bir çox hallarda hakim dairələri, mühafizəkar çevrələri narahat edir, lakin xalq tərəfindən böyük rəğbətlə qarşılanırdı. “Əkinçi”nin qapadılması isə onun nə qədər təsirli və təhlükəli bir ideoloji gücə çevrildiyini sübut edir. O, xalqın öz haqqını tanımasını, milli kimliyini dərk etməsini istəyirdi. Onun toxunduğu problemlər təhsil, sosial ədalət, inkişaf, milli kimlik, bu gün də aktualdır və Zərdabinin düşüncələri müasir demokratik dəyərlərlə üst-üstə düşür.

Hər il Azərbaycanda 22 iyul – Milli Mətbuat Günü kimi qeyd edilir və bu tarix birbaşa Həsən bəy Zərdabinin adı ilə bağlıdır. Bu fakt onun əbədiyyətə qovuşmuş xidmətlərinin rəsmi təsdiqidir.

Müstəqil Azərbaycanda mətbuat, informasiya, söz və fikir azadlığı, milli dəyərlər və dövlətçiliyin inkişafı məhz Zərdabinin bünövrəsini qoyduğu ideyalar üzərində qurulub. Ümummilli Lider Heydər Əliyev də mətbuata daim fərqli münasibət göstərmiş, onu cəmiyyətin güzgüsü və inkişaf rıçaqları kimi dəyərləndirmişdir. Bu siyasi mənəvi xətt bu gün də ölkə rəhbəri cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Həsən bəy Zərdabi 28 noyabr 1907-ci ildə dünyasını dəyişsə də, onun ideyaları, əməlləri və qoyduğu irs bu gün də yaşayır. O, təkcə bir insan deyil, bütöv bir ideya idi. Öz həyatını millətin gələcəyinə fəda edən Zərdabi, əslində, zamanın fövqünə qalxmağı bacardı. Onun adı bu gün məktəblərdə, universitetlərdə, küçə və meydanlarda böyük hörmətlə çəkilir. Çünki Zərdabi savadın, aşkarlığın, vicdanın və milli düşüncənin simvoludur.

Həsən bəy Zərdabi millətin oyanışına yandırılan ilk çıraq, Azərbaycan mətbuatının təməl daşıdır.

Bu gün dahi şəxsiyyət Həsən Bəy Zərdabinin anım günüdür. Milli mətbuatımızın banisi nə Allahdan rəhmət diləyirik!

Nicat İsmayılov Nicat İsmayılov
Son xəbərlər
Bütün xəbərlər »