Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hər bir festivalın seçim komitəsi filmləri öz meyarlarına uyğun qiymətləndirir və tələblərə cavab verən ekran işləri nümayiş üçün qəbul olunur”
“Hər bir festivalın seçim komitəsi filmləri öz meyarlarına uyğun qiymətləndirir və tələblərə cavab verən ekran işləri nümayiş üçün qəbul olunur”

Tanınmış aktyor Sənan Əlləz öz sosial şəbəkə səhifəsində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA) müraciət edərək narazılığını bildirib. Aktyor qeyd edib ki, Mədəniyyət Nazirliyi və ARKA dayanmadan xarici ölkələrdə kino günləri və kino ilə bağlı tədbirlər keçirir, amma xaricdə filmə çəkilən çox az sayda aktyor var ki, onlar tədbirlərdə görünmür.

“Bu il Tiflisdə kino ilə bağlı tədbir keçirildi. Mən 2016-cı ildə Gürcüstanda baş rolda çəkilmişəm. Təbii ki, mənimlə bərabər digər aktyor həmkarlarım da çəkilib. Niyə bu filmdən heç kim ora dəvət olunmadı? Daha sonra Türkiyədə tədbirlər oldu. "Qorqud ata" festivalı və digər kino ilə bağlı görüşlər, tədbirlər və s. Niyə bu gün Azərbaycanda görünən, əsas işi olan aktyorları aparmırsınız? 1 ay əvvəl ARKA-dan zəng etdilər ki, Türk dünyasında çəkilən aktyor kimi adınızı qeyd edirik. Amma bir az keçdi və nəticə heç nə. Noyabrın 12-dən Daşkənddə Azərbaycan kino günləri keçirilir. Mənə özbək rejissor dostum zəng edib ki, “niyə yoxsan? Axı, müstəqil Azərbaycan tarixində Özbəkistanda çəkilən hələki yeganə aktyor sənsən. Qeyd edim ki, 2025-ci ildə, yəni, bu il mən Özbəkistanda "Cənab prokuror" filmində baş rolda çəkildim, bir də qeyd edim ki, özbək rolunu ifa etdim. Filmin rejissoru Rüstəm Saqdiyev, ssenari müəllifi Nadir Şəmsdir. İndi soruşuram, sizcə mən Azərbaycan kino günlərində iştirak etməyə layiq deyiləm?”, – deyə Sənan Əlləz bildirib.

  • Müxtəlif ölkələrdə keçirilən Azərbaycan kino günləri və beynəlxalq kino tədbirlərində xarici ölkələrdə, xüsusilə baş rollarda çıxış etmiş azərbaycanlı aktyorların iştirakı niyə nəzərə alınmır?
  • Bu istiqamətdə şəffaf yanaşma təmin ediləcəkmi?

Yaranan suallara cavab tapmaq üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info portalının sorğusuna cavab olaraq bildirilib ki, aktyorların və yaradıcı heyətin iştirakı, yalnız müvafiq filmin həmin festivalda qeydiyyatı, rəsmi müraciətlərin edilməsi və filmə dəvət göndərilməsi əsasında mümkün olur: “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan kino günləri və beynəlxalq festivallarda iştirak prosesi yalnız filmlərin həmin festivallara müstəqil qaydada təqdim olunması və seçim mərhələsindən keçməsi əsasında həyata keçirilir. Hər bir festivalın seçim komitəsi filmləri öz meyarlarına uyğun qiymətləndirir və yalnız həmin tələblərə cavab verən ekran işləri nümayiş üçün qəbul olunur. Bu səbəbdən festivallarda aktyorların və yaradıcı heyətin iştirakı, yalnız müvafiq filmin həmin festivalda qeydiyyatı, rəsmi müraciətlərin edilməsi və filmə dəvət göndərilməsi əsasında mümkün olur. Bu prosedurun festivallar tərəfindən müəyyən edildiyini nəzərə almağınızı rica edirik. Filmi hazırlayan, film istehsalçısı olan prodakşn rəsmi müraciət və qeydiyyat prosesində özü aktiv iştirak etməli və təşəbbüs göstərməlidir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »