Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lövhələrdə gizlədilən kimliyimiz... Xarici adlar ana dilimizin şəhər həyatından sıxışdırılması deməkdir
Lövhələrdə gizlədilən kimliyimiz... Xarici adlar ana dilimizin şəhər həyatından sıxışdırılması deməkdir

Bugün paytaxtın küçələri ilə addımlayanda diqqət yetirsək, hər addımda qarşımıza çıxan lövhələr, mağaza adları, restoran və kafe yazıları sanki başqa bir dünyanın havasını gətirir: “Beauty Line”, “Fashion House”, “Coffee Time”, “Fresh Market”... Bəzən elə olur ki, bir küçədə on lövhədən səkkizi xarici dildə olur. Bu mənzərə sadəcə estetik deyil, mədəni və mənəvi bir məsələdir. Ana dilimizin şəhər həyatından sıxışdırılması deməkdir.

Halbuki dil yalnız ünsiyyət vasitəsi deyil. Dil, bir xalqın düşüncə tərzi, dünyaya baxışı, ruhu və yaddaşıdır. Lövhələr, reklamlar, yazılar isə bu ruhun gündəlik həyatda görünən simasıdır. Əgər bu sima yadlaşırsa, deməli, kimliyimizin bir hissəsi də yadlaşır. Bəziləri deyə bilər ki, “bu, qloballaşmanın tələbidir, müasir görünmək lazımdır”. Amma müasirlik milli kimliyi itirmək demək deyil. Fransada, Türkiyədə, Yaponiyada da qloballaşma var, amma orada şəhər adları, obyekt lövhələri, reklamlar əsasən öz dilində olur. Çünki bu, həm qanunla qorunur, həm də ictimai dəyərlə.

Azərbaycan dilinin dövlət dili kimi qorunması Konstitusiyada təsbit olunub. Amma bu, yalnız kağız üzərində deyil, küçələrdə, lövhələrdə, gündəlik həyatımızda da görünməlidir. Əgər biz “Gözəllik salonu” yerinə “Beauty Studio” yazırıqsa, “Kitab evi” əvəzinə “Bookland” qoyuruqsa, bu, artıq dilə olan hörmətin sarsıldığını göstərir.

Birincisi, qanunvericilikdə obyekt adlarının dövlət dilində yazılması barədə tələblər ciddi şəkildə icra olunmalıdır. İkincisi, cəmiyyətin özündə dilə sevgi formalaşdırılmalıdır. Biz dilimizi yalnız dərs kitablarında deyil, gündəlik həyatımızda da yaşatmalıyıq. Üçüncüsü, gənclər və sahibkarlar anlamalıdırlar ki, ana dilində olan adlar nəinki milli ruhu qoruyur, həm də fərqlilik və orijinallıq yaradır. “Çiçək bağı” adı bəzən “Flower Garden”dan daha çox yadda qalır, çünki bu ad bizə məxsusdur.

Unutmayaq ki, dilini itirən xalq, öz kökünü itirir.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »