“Qarabağ” klublararası dünya çempionuna məğlub olmadı. Bütün hallarda bizim komandanın Bakıda “Çelsi”yə uduzmaması böyük uğur sayılmalıdır. London təmsilçisi bu mövsüm Çempionlar Liqasının qalibi olmağa əsas namizədlərdən hesab olunur. “Qarabağ” rəqibin ad-sanından çəkinmədi, hətta qələbəni əldən verdiyini deyə bilərik.
Bizimyol.info xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 4 turdan sonra 7 xalla 15-ci pillədə qərarlaşıb. Növbəti mərhələdə oynamaq üçün ən azı 24-cü yeri tutmaq lazımdır. Reqlamentə görə, liqa mərhələsini ilk 8-likdə bitirənlər birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanır. Sonrakı 16 yeri tutanlar isə pley-offa adlayır. “Qarabağ” daha çox pley-offa ümid edir.
İndi çox əminliklə demək olar ki, Qurban Qurbanovun komandası “Çelsi”dən 1 xal almaqla növbəti mərhələyə bir addım da yaxınlaşıb. Biz hələ bir neçə gün əvvəl pley-offa 11 xalla adlamağın mümkünlüyü barədə yazmışdıq. Hadisələrin gedişi göstərir ki, bu xalla kənarda qalmaq ehtimalı azdır. Yəni “Qarabağ”a ilkin məqsədə çatmaq üçün 1 qələbə, 1 heç-heçə bəs edir.
Ağdam klubu növbəti oyunlarda 4 xal qazana bilər. Düzdür, səfərdə “Napoli” və “Liverpul”la oyunlar var. Tutaq ki, bəxtimiz heç gətirmədi, İtaliya, İngiltərə səfərlərindən xalsız qayıtdıq. Bakı oyunlarına ciddi mənada ümid bəsləməyə dəyər. Xüsusilə “Ayaks”a qarşı qarşılaşmada.
Niderland təmsilçisi indi yaxşı günlərini yaşamır. Ölkə çempionatında “Ayaks”ın vəziyyəti ürəkaçan deyil. Hər halda çempionluq real görünmür. Çempionlar Liqasında isə 36 komanda arasında axırıncı mövqedə yer almaq başucalığı sayılmır. Özü də belə adlı-sanlı klub üçün.
“Ayaks” “Qalatasaray”a görüşdə də durumun yaxşı olmadığını ortaya qoydu. “Qarabağ” mərhələ adlamaq istəyirsə, dekabrdakı oyunda qələbə qazanmalıdır. Sonra “Ayntraxt”la matça köklənmək olar. Almaniya təmsilçisini məğlub etmək vəzifəni yerinə yetirmək anlamına gələcək. Heç-heçə isə işin 90 faiz yerinə yetirilməsi deməkdir.
Aytən, Bizimyol.info






