Mişiqan Universitetinin tədqiqatçıları kosmosdan gələn yeni təhlükə barədə — "kosmik tornadolar" olaraq adlandırılan kiçik plazma fırtınaları xəbərdarlıq edirlər. Bu miniatür fırtınalar, güclü günəş partlamalarının günəş küləyi axınları ilə toqquşması nəticəsində yaranır və ciddi geomaqnit fırtınalarına səbəb ola bilər. Bu cür fırtınalar isə Yerdə peyklərin, elektrik şəbəkələrinin və əlaqə sistemlərinin fəaliyyətini pozur.
Bizimyol.info xəbər verir ki, əvvəlki tədqiqatlarda alimlər daha çox nəhəng koronal kütlə yayılmalarına (CME) diqqət yetirirdilər, amma "The Astrophysical Journal" jurnalında yayımlanan yeni araşdırma göstərir ki, diametri 3.000 ilə 6 milyon mil arasında olan daha kiçik fırtınalar da dağıdıcı təsirə malik ola bilər.
"Simulyasiyalarımız göstərir ki, bu fırtınaların içindəki maqnit sahəsi o qədər güclü ola bilər ki, geomaqnit fırtınası yaratsın," — deyə araşdırma müəlliflərindən biri, iqlimşünas və kosmik fizik Çip Mançester bildirib.
Alimlər vurğulayır ki, mövcud günəş teleskopları belə kiçik fırtınaları izləməkdə acizdir, xüsusilə də Günəşin tərs tərəfindəki tornadoları, bu da kosmik hava haqqında xəbərdarlıqlar üçün "kor zona" yaradır.
Bu boşluğu aradan qaldırmaq üçün tədqiqatçılar "SWIFT" (Space Weather Investigation Frontier) adlı bir missiya təklif ediblər. Bu, günəş küləyini izləyəcək və Yerin reaksiya verməsi üçün daha çox vaxt təmin edəcək dörd kosmik aparat sistemidir. Aparatların doğru mövqedə qalmasını təmin etmək üçün günəş yelindən istifadə edən günəş parusları — günəş işığının təzyiqi ilə hərəkət etməyə imkan verən bir texnologiya tətbiq olunacaq.
Alimlər hələ də Yeri kosmik fırtınalardan qorumağın yollarını axtarırlar, digər tərəfdən isə yeni kəşflər astronomları heyrətləndirməyə davam edir. Belə ki, yaxınlarda "köç edən planet" kəşf edilib. Bu planet saniyədə altı milyard ton qaz və tozu udur — bu, planet ilə ulduz arasındakı sərhədləri məchul edən bir fenomendir.
Qadir, Bizimyol.info






