Oktyabrın 2-nə keçən gecə Rusiya ordusu Odessaya pilotsuz təyyarə ilə zərbə endirib, dəmir yolu deposunu vurub və bir qatar maşinistini yaralayıb.
Bizimyol.info xəbər verir ki, Ukrayna mətbuatının verdiyi məlumata görə, səhər saat 2:00 radələrində Odessa vilayətində hava hücumu xəbərdarlığı edilib, az sonra vilayət paytaxtının müxtəlif ərazilərində partlayış səsləri eşidilib. Yerli sakinlər "böyük yanğın" gördüklərini bildiriblər.
Səhər Ukraynanın yenidən qurulması üzrə baş nazirin müavini - Ukraynanın icmaların və ərazilərin inkişafı naziri Aleksey Kuleba rusların digər məkanlarla yanaşı, "Ukrzaliznitsa"ya da hücum etdiyini açıqlayıb.
"Ukrayna üçün daha bir çətin gecə idi. Odessa və ətraf rayonlara, Kiyev vilayətinə kütləvi zərbələr endirilib – onlarla pilotsuz təyyarə mülki yaşayış məntəqələrini vurub. Düşmən Dnepropetrovsk vilayəti və Zaporojjyaya da zərbələr endirir", - deyə o "Telegram"da yazıb.
Nazirin sözlərinə görə, ruslar dünən axşam saatlarında Odessadakı "Ukrzaliznitsa" anbarına iri mərmi atıb. Nəticədə bir qatar maşinisti qəlpə yaraları alıb və hazırda ona bütün lazımi tibbi yardım göstərilir.
Rəsmi həmçinin qeyd edib ki, şimalda, xüsusən də Konotopda sərhədyanı ərazilərdə dəmir yolu infrastrukturuna zərbə vurulub. Qatarlar zərbə zonasından təhlükəsiz məsafədə dayanıb, lakin bu gün səhər saatlarından etibarən hamısı yenidən hərəkətə başlayıb və hava rabitə xətləri təmir olunub.
Kulebanın sözlərinə görə, Çerniqov və Sumı xəttlərində bəzi qatarlar hücuma görə gecikib.
Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Odessa vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, hücum nəticəsində başlayan yanğın artıq söndürülüb. Depodan başqa, fərdi yaşayış evinin dam örtüyü və pəncərə şüşələri zədələnib. Xilasedicilərin dediyinə görə, iki nəfər yaralanıb - biri depoda, digəri isə fərdi evdə.
Qadir, Bizimyol.info






