Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyulub. Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi üzrə mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayətin predmeti olan kriptovalyutanın üzərinə həbs qoyulub.
Bizimyol.info xəbər verir ki, bu barədə qərar Səbail rayon məhkəməsi tərəfindən qəbul edilib.
Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət hüquqi tədbiri cinayət törədilərkən istifadə edilən alət və vasitələrin, cinayət yolu ilə əldə edilən əmlakın məcburi və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutur.
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 1.1-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlak dedikdə, Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri, o cümlədən virtual aktivlər başa düşülür.
Eləcə də həmin maddəyə əsasən, virtual aktiv ödəniş və ya investisiya məqsədilə mübadilə vasitəsi kimi çıxış edən və virtual aktivlər dövriyyəsi sistemində mövcud olan dəyərin rəqəmsal ifadəsidir.
Göstərilənlərə uyğun olaraq, DTX tərəfindən həbs olunmuş B.H.R. və digərləri barədə başlanılmış cinayət işi üzrə xüsusi müsadirəni təmin etmək məqsədilə onlara məxsus olan və cinayətin predmeti olaraq aşkar edilmiş kriptovalyuta üzərinə həbs qoyulması qərara alınıb və icra olunması üçün beynəlxalq virtual aktiv xidməti təminatçılarına yönəldilib.
İnformasiya texnologiyaları üzrə ekspert Osman Gündüz bildirir ki, Azərbaycanda müsadirə məqsədilə kriptovalyuta üzərinə həbs qoyulması ilk dəfədir. O, xatırladıb ki, cinayət yolu ilə əldə edildiyinə və yaxud da cinayətin predmeti olduğuna görə əvvəllər daşınmaz əmlaklar, avtomobillər, qızıl-gümüş və s. əşyalar çox müsadirə olunub. Amma Azərbaycanda heç vaxt kriptovalyuta müsadirə edilməyib.
Ekspert qeyd edib ki, qanunvericilikdə də cinayət prosesində əldə edilən bütün əmlakın, o cümlədən qeyri-maddi əmlakın, yəni virtual aktivlərin də müsadirəsi nəzərdə tutulur.
“Üzərinə həbs qoyulanın hansı kriptovalyuta və hansı qlobal birja olması açıqlanmasa da, güman ki, söhbət Bitcoin və ya Ethereumdan, həmçinin ölkəmizdə populyar olan Binance və ya BitGet birjalarından gedir. Qlobal birjalar adətən məhkəmə qərarı ilə gələn sorğuları dərhal icra edirlər”, - deyə Osman Gündüz bildirib.
Ekspert hesab edir ki, bu addım ölkəmizdə virtual aktivlərin hüquqi statusunun möhkəmlənməsi baxımından önəmli presedent yaradır və rəqəmsal cinayətkarlıqla mübarizədə yeni mərhələnin başlanğıcıdır.
Hələlik Azərbaycanda virtual aktivlər haqqında qanun qəbul edilməyib. Osman Gündüz xatırladıb ki, bir müddət əvvəl Mərkəzi Bankda görüş keçirilərkən qurumun rəhbərliyi bu qanun layihəsinin hazırlandığını bildirmişdi.
Bəs müsadirə olunan kriptovalyutanın taleyi necə olacaq?
“Beynəlxalq təcrübədə adətən müsadirə edilən kriptovalyutalar ya hərracla satılır, ya da dövlət ehtiyatlarına yönləndirilir. Bir müddət sonra Ədliyyə Nazirliyinin herrac.gov.az portalında hansısa dövlət qurumunun kriptovalyutanı satışa çıxarmasını görsək, gərək təəccüblənməyək”, - deyə Osman Gündüz əlavə edib.
Aytən, Bizimyol.info






