Alimlər Yerin nüvəsində böyük qızıl və qiymətli metal ehtiyatlarının olduğunu və bu maddələrin mantiya vasitəsilə səthə sızdığını aşkar ediblər.
Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın Göttingen Universitetinin alimləri Yerin nüvəsində çoxlu miqdarda qızıl və qiymətli metalların olduğunu və bu maddələrin mantiyadan səthə doğru sızdığını müəyyən ediblər.
Araşdırmaya görə, Havay adalarında vulkanik süxurlarda aparılan izotop analizləri nəticəsində nüvədən olan izlər aşkar edilib. Xüsusilə, rutenium-100 izotopunun sıxlığı bu metalların Yerin nüvəsində yarandığını göstərib.
Tədqiqatçı Nils Messling: "İlk məlumatlar daxil olanda biz sözün əsl mənasında qızılı tapdığımızı başa düşdük", - deyə qeyd edib.
Mütəxəssislər adətən aşkar edilə bilməyəcək qədər kiçik olan izotop fərqlərini aşkar edə bilən yeni analiz texnikası hazırlayıblar. Bu, səthdəki rutenium ilə nüvədən gələn rutenium arasındakı fərqi ilk dəfə aydın şəkildə ölçməyə imkan verib.
Tədqiqatda iştirak edən başqa bir elm adamı Prof. Matthias Villbold: “Yerin nüvəsi düşünüldüyü kimi təcrid olunmuş bir quruluş deyil”, - deyib. Villbold qeyd edib ki, okean adaları mantiya nüvəsinin sərhədindən səthə doğru yüksələn nəhəng qaya kütlələrindən əmələ gəlir.
Qadir, Bizimyol.info