Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qeyri-neft sektoru ümidi ilə... Azərbaycan nefti: 19 il əvvələ qayıdış - Keçmişə şərh, gələcəyə proqnoz
Qeyri-neft sektoru ümidi ilə... Azərbaycan nefti: 19 il əvvələ qayıdış - Keçmişə şərh, gələcəyə proqnoz

Azərbaycan neft sənayesi 2009-2010-cu illərdə özünün ən yaxşı dövrünü yaşadı. İllik hasilat 50 milyon tonu keçirdi. Əhalinin sosial vəziyyəti aşkar yaxşılaşmışdı. Ölkənin gələcəyinə inam artmışdı. Ortada böyük pullar dövr edirdi.

Bizimyol.info xəbər verir ki, Azərbaycan neft sənayesinin bütün dövrlərində 2009-2010-cu illərdəki göstəricilər heç vaxt qeydə alınmayıb. 2005-ci ildən sonra kəskin artım olmuşdu. Hasilat əvvəlcə il ərzindən birdən-birə 10 milyon tondan çox artmışdı. Elə növbəti ildə də hasilat artımı 10 milyon tonu aşmışdı. Tezliklə 50 milyon ton həddinə çatmaq mümkün oldu. Lakin sabitlik yaranmadı. Təxminən 8 il əvvəl məlum oldu ki, daha ölkədə böyük neft hasilatından söhbət gedə bilməyəcək.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanda qaz kondensatı da daxil olmaqla 19 milyon 304,1 min ton xam neft istehsal edilib. Keçən ilin eyni dövrü ilə müqayisə etsək, 925 min ton daha az məhsul hasil olunduğu üzə çıxır. Yəni 4,6 faiz geriləmə var. 2023-cü ilin 8 ayı ərzində qaz kondensatı da daxil olmaqla 20 milyon 229 min ton xam neft əldə edilmişdi.

Qaz istehsalı 2,6 faiz artıb, amma indi bunu zəif təsəlli adlandırmaq olar. Çünki neft gəlirləri qazla müqayisədə ölkə iqtisadiyyatına daha böyük töhfə vermək gücündədir. Təbii qazdan əldə olunacaq vəsaitlər böyük layihələrdə iştiraka zəmin yaratmır. Bütün hallarda bu istiqamətdə nikbin rəylər, arqumentlər gerçəkliyi göstərmək baxımından tutarlı deyil. Azərbaycanı irəlidə böyük çətinliklər gözləyir.

İlin sonuna qədər çox şey dəyişməyəcək. Böyük ehtimalla illik hasilat həcmi heç 29 milyon tona çatmayacaq. Bir növ 19 il əvvələ qayıdırıq. Görün neft sənayesində vəziyyət nə qədər pisləşib ki, 1941-ci il göstəricilərinə doğru gedirik.

Vəziyyəti dəyişmək mümkün görünmür. Vaxtında qeyri-neft sektorunu inkişaf etdirmək lazım idi. Bundan sonra hasilatın yalnız azalacağını görəcəyik.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »