Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tərkedilmişlik hissi nədir? - "Münasibətin müddətinə və formasına görə dəyişiklik göstərir"
Tərkedilmişlik hissi nədir? - "Münasibətin müddətinə və formasına görə dəyişiklik göstərir"

Bəzən insanın daxilində bir boşluq olur. Heç kimdən ayrılmasan da, tərk etməsən də, tərk edilməsən də, içində bir tərkedilmişlik hissi olur. Kənardan baxanda həyatın qaydasında görünür. Amma daxilində olan fırtınalar sənə yaşamaq imkanı vermir. Bir kədərli mahnı eşidəndə gözlərin dolur, sanki kimsə səni tərk edibmiş kimi hiss edirsən...

Psixoloq Nura Cəfərzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ayrılıq prosesi ağrılı prosesdir, münasibətin formasına və müddətinə görə dəyişir. Lakin bəzi insanlarda ayrılığın gətirdiyi yas müddəti uzanır və daha qarışıq hala gəlir.

Nura Cəfərzadə Nura Cəfərzadə

“Təsəvvür edək ki, siz bir ayrılıq yaşayırsınız, çox uzun müddət keçməsinə baxmayaraq hissləriniz eyni böyüklükdə qalır, öhdəsindən gələ bilmirsiniz və zehniniz daim tərk edildiyiniz anı xatırlayır. Burada baxmalı olduğunuz yer keçmiş ayrılıqlarınız, eyni zamanda ana ilə və ya sizi yetişdirən duyğusal bağ qurduğunuz insanlarla yaşadığınız ayrılıqlardır. Uşaqlıqda ana ilə ayrılıq yaşanıbsa, yeniyetmə və yetişkin olduğu dönəmdə bənzər hadisələr təkrarlanıbsa, bunu da fərqindəliklə həll etməmisinizsə ayrılıq mövzusu sizin üçün öhdəsindən gəlinməsi çətin bir hala çevrilər. Belə insanlar istər dostluq, istər iş, istər sevgi münasibətləri olsun tərk edilmək qorxusu ilə hərəkət edirlər”-deyən psixoloq bildirib ki, bütün “tərk edilmək” qorxusu olan insanlar, “məndə bu qorxu var, ona görə bütün münasibətlərimdə problem yaşayıram” demir, əlbəttə.

“Bəzən çox sevərək, dəyər görərək başladığınız münasibətlər qarşı tərəfin sizdən uzaqlaşması ilə nəticələnir və bu da təkrarlanan prosesə çevrilir, insanların mütəxəssislərə müraciət etməsinə səbəb olur.

Eyni zamanda bu insanlar həddən artıq qısqanc, bəzən mesaja gec cavab gələndə təşvişli, həddən artıq yaxınlıq qurmağa çalışan, hərdən bunun tam əksi olaraq “münasibətim olmasa, tərk olunmaram” fikri ilə yalnızlaşmaq kimi davranışlar göstərə bilirlər.

Tərk edilmək qorxusu insanlara müxtəlif cür təsir edə bilir. Bəzi insanlar həyatına kimisə uzun müddət qəbul etmir, bəziləri münasibətində çətinliklər yaşayır, bəziləri ayrılıq və ya ölüm kimi hadisələri normal şəkildə keçirmir. Yas müddəti daha uzun olur, normal insanlar 10 ballıq göstərici ilə 4-5 bal arası ağrı hiss edərkən, tərk edilmək travması olanlar 10 bal şəklində hiss edir.

Əvvəldə də qeyd etdiyim kimi həm şəxsin özünün uşaqlıq dövründə yaşadığı ayrılıq və ya ölüm kimi hadisələr, həm də ata-anasının boşanma halı, ailədə duyğusal sabitliyin olmaması, mübahisələrin çox olması, eyni zamanda valideynlərini fiziki şəkildə itirmək, onda tərk edilmə travması yarada bilər. Psixoterapiya zamanı isə pasiyentin “tərk edilmək” qorxusu ilə beynində yazdığı fəlakət senarilərini analiz edirik, nə qədər reallığı əks etdirdiyinə baxırıq. Yalnış düşüncələrin fərqinə varmaq qorxularla üzləşməyin yollarından biridir. Digər yalnış bir düşüncə isə həyatımızdakı insanların daima bizimlə qalacağı fikridir. İnsan tək yaşayan varlıqdır, digər insanlar, ailə, dostlar, sevgi, bunlar həyatımızı gözəlləşdirir, həm də asanlaşdırır. Amma nəticədə tək yaşayıb, tək ölürük. Öz müsbət və mənfiləri ilə bu həyatın qaydasıdır və reallığı qəbullanmaq həyatımızı asanlaşdırar”.

Psixoloq bildirib ki, terapiya zamanı həm də tərk edilmək qorxusunun insanlarda yaratdığı davranış pozğunluqları korreksiya olunur, yəni tərk edilməyinizə səbəb olacaq həddən artıq qısqanclıq, hər şeyi həddən artıq kontrol altında saxlamaq, həddən artıq diqqət gözləmək, həddən artıq yaxınlıq, bunları görməyəndə qəzəb göstərmək kimi davranışlar dəyişdirilə bilir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »