Ali təhsil müəssisələrinin müsabiqəsində 82883 nəfər iştirak edib. Onlardan 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Bəzən illərlə çalışan, hazırlığa gedən gənclər imtahanlardan keçə bilmir. Valideynlər isə, bu vəziyyətdə övladını başa düşmək istəmir. Nəticədə, yenə itirən valideyn olur. Həm maddi itki, həm də "mənəvi". İmthandan kəsilən uşaqlar az hal da olsa da, psixoloji təsir və təzyiqdən istiqamətlənərək həyatın davamlılığını dayandırmaq kimi yanlış qərar verməyə meylli olur..
Klinik psixoloq Ramin Hacıyev Bizimyol.info xəbər portalına bildirib ki, imtahandan kəsilən uşaqlarda davranış dəyişir. Çünki ilk növbədə onlar valideyn qınağından çəkinir.
Ramin Hacıyev“Gənclər neçə illər hansısa kurslara, repetititorlara getmiş olurlar. Valideyn tərəfindən burada kifayət qədər vəsait sərf olunur. Hər ailə məsələyə fərqli yanaşır. Bəzən yanlış vurğulanmalar olur. O da uşağa tez-tez vurğulanır ki, "biz bu qədər pul xərcləmişik, sən də bunun müqabilində mütləq şəkildə qoyulan vəsaiti doğrultmalısan". Ona görə də bu kimi uşaqlarda günahkarlıq hissi yaranır. Günahkarlıq hissi ən pis və təsirli hisslərdən biridir. Bu da istənilən münasibətdə özünü mənfi göstərir. Uşaq düşünür ki, təhsilinə yatırılan vəsait özünü doğrultmur. Belə günahkarlıq hissi, təcrübəsizlik, həyat təcrübəsinin formalaşmaması intihara meylli mühit yarada bilər. Hansısa belə bir kəlmə də təkan olaraq çıxış edə bilər. Qız və ya oğlan fərqi yoxdur, kimsə belə bir yalnış addım ata bilər”-deyə psixoloq bildirib.
Ramin Hacıyev qeyd edib ki, bu səbəbdən də, intihar üçün münbit mühit yaratmamaq və uşaqlara qarşı daha anlayışlı davranmaq lazımdır. Psixoloqun sözlərinə görə, imthandan kəsilən uşaqara motivasiya vermək lazımdır.
“Uşaqlara deyilməlidir ki, “oxuyarsan, yenidən imtahan verərsən, dünyanın sonu deyil ki, sən növbəti dəfə bacaracaqsan” və s. Mən Tibb Universitetində oxuduğum zaman eyni zamanda Təcili Tibbi Yardımda çalışırdım. Gənclərimiz də pullu fakultədə oxuyub, eyni zamanda çalışa bilərlər. Və yaxud gələn il yenidən imtahan verərlər. Valideynlər də bunu başa düşməlidir. Valideynlər psixoloqa müraciət etməlidir ki, özü sağlamm düşüncəli olsun. Bununla da, valideyn özü öz övladına da sağlam bir məsləhət verib, düzgün istiqamət göstərmiş olsun”-deyə psixoloq vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






