Məktəblərdə və digər təhsil müəssisələrində dərslərin başlamasına 1 aydan daha az vaxt qaldı. Ancaq Bakı bu 3 aylıq yay tətili müddətində belə tıxaclar və ciddi sıxlıq problemi ilə yaddaşlarda iz qoydu. Sanki, heç yay tətili deyil və hər yerdə insan seli, sıxlıq və dayanmadan davam edən bir iş fəaliyyəti var. Avtobuslar, metro qatarları bu müddət ərzində heç də yay tətillərindəki o boşluğu göstərmədi. Əksinə, digər vaxtlarda olduğu kimi yenə də ictimai nəqliyyat necə deyərlər, "ağzına kimi" dolu keçib.
Bəs dərslər başladıqdan sonra ictimai nəqliyyatda vəziyyət necə olacaq?
İctimai rəyləri nəzərə aldıqda, heç də müsbət proqnozla qarşılaşmırıq. Taksilərin sayı yarıya kimi azaldıldı, nəqliyyat xərcləri bahalaşdı, metro və avtobuslarda isə xidmət keyfiyyəti getdikcə aşağı düşdü. Hələ şagird və tələbələrin yay tətilində olduğu Bakıda sentyabr ayının 15-dən sonra ictimai nəqliyyatın vəziyyəti "qara" olacaq. "Bakı Metropoliteni QSC"-yə kondisionerlərin dərəcələrinin artırılması, havalandırmaların yoxlanılması barədə müraciətlər olsa da, nəticə dəyişməyib. Metro qatarlarında insanlar təngnəfəs olur, havasızlıq yaşayır. Digər tərəfdən, avtobuslar da vəziyyət metrodan geri qalmır, hətta daha da ürəkağrıdan mənzərələrin şahidi oluruq.
Sevda Hüseyn yazır ki, metro qatarının yanında sauna yalan olub.
"Elmlər Akademiyasından Həzi Aslanov stansiyasına təzə vaqonlarda getdim. Sauna bu vaqonların yanında yalandır. Sadəcə, dəhşətdir. Bir gəncdən xahiş etdim ki, pəncərəni açsın. Niyə millətə bunu yaşadırsınız?"- deyə, vətəndaş Metropoliten rəhbərliyinə müraciətində bildirib.
Qeyd edək ki, problem təkcə havalandırma sistemlərində yox, qatarların interval xəttində də yaşanır. Gecikən qatarlar güclü sıxlığın yaranmasına və xəstə insanların halının dəyişməsinə, ürəkgetmələrinə səbəb olur.
Metrodan istifadə edən sərnişinlər havalandırması olmayan və gecikən qatarları qaz kameralarına bənzədirlər. Gedişat göstərir ki, sentyabr ayının 15-dən sonra şəhərin ictimai nəqliyyat xətlərində güclü yüklənmə olacaq. Bir neçə ay öncə aparılan "taksi islahatı"nın hansı nəticələr doğuracağının hər halda, yaxından şahidi olacağıq.
Mətin Şükürlü, Bizimyol.info






