Bəzən valideynlər şikayət edir ki, məktəbəqədər təhsil alan azyaşlı uşaqlara və yaxud 1-ci sinifdə oxuyan uşaqlara yay tətilində çox tapşırıq verilir, bu da uşağın istirahətinə mane olur və psixikasını zədələyir.
Bəs əslində olan nədir, oxumaq, tapşırıqlar yerinə yetirmək bir azyaşlı üçün zərərli ola bilərmi?
Təhsil məsələləri üzrə ekspert İlham Əhmədov Bizimyol.info xəbərportalına açıqlamasında bildirib ki, rəsmi şəkildə məktəbəqədər uşağa və ibtidai sinif şagirdinə yay tətilində əlavə tapşırıqlar verilmir.
İlham Əhmədov“Tapşırılıq verilsə də, mən bunu çox da zərərli hesab etmirəm. Çünki o uşaqlar hələ indi-indi oxumağa, çalışmağa öyrənirlər, vərdiş edirlər. İki-üç ay dəftər kitabdan aralı düşsələr, yenidən sentyabrda onları yenidən oturmağa və dərslə məşğul olmağa, kitab oxumağa, yazı-pozuya cəlb etməyə ciddi vaxt gedəcək. Onlar yay tətilindəki təhsilsiz qaldıqları dönəmdə müxtəlif vərdişlərdən uzaq düşmüş olacaqlar. Uşaq artıq lap kiçik yaşlarından vərdiş etməlidir, gündə ən azı bir saat oxumalı, məşğul olmalı, öz üzərində işləməlidir. O, həyatı boyu oxumalı və hər gün yazmalı, yeni nələrsə öyrənməlidir. Bu proses fasiləsiz olmalıdır”-deyən ekspert hesab edir ki, burda yaş məhdudiyyəti də olmamalıdır.
İlham Əhmədov qeyd edib ki, məktəbdən tapşırıq verilməsə belə, 1-ci sinifdən öz üzərində işləmək lazımdır.
“Valideyn özü onu təşkil etməlidir ki, uşaq gündə hansısa bir kitab oxusun, böyük bacısına-qardaşına danışsın və ya nənəsinə, babasına, anasına, atasına öyrəndiyini göstərsin. Bu zaman uşaq həm də məsuliyyətli olar. Uşaq başa düşməlidir ki, kitabla onun dostluğu, bu gün kitab olmasa belə komputerdə hansısa əyləncəli bir proqramla işləmək, öyrənmək ona əbədi bir yol yoldaşı olacaq.
Mən özüm də uşaqlıq dönəmimdə, hətta yayda da oxuyurdum. Məktəbdə bizə tapşırıq vermirdilər. Mən özüm həvəsli idim. Valideynlərim də məni yönəldirdilər ki, “davamlı oxu, heç olmasa gündə 1 saat məşğul ol”. Yayda bədii kitab oxuyurduq, dərsliklərimizə baxırdıq. Yeni sinifdə nə oxuyacağıqsa, onun səhifələrini çevirirdik və yeni mövzulara göz gəzdirirdik”-deyən ekspert hesab edir ki, məktəb yaşında və ya məktəbəqədər yaşda olan uşaqların yay tətilində tapşırıqlar etməsi onlar üçün zərərli deyil.
İradə Cəlil, Bizimyol.info






