Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ətraf mühitlə yanaşı, onu çirkləndirən məxluqların zərərli vərdişlərini də "təmiz"ləməliyik
Ətraf mühitlə yanaşı, onu çirkləndirən məxluqların zərərli vərdişlərini də "təmiz"ləməliyik

Bu günlərdə qarşıma Şuşa-Laçın yolunda bulağın ətrafının çirkləndirilməsi ilə bağlı bir video qarşıma çıxdı. Ətraf su butulkaları, plastik torbalar, yemək qalıqları və s. digər tullantılarla dolu idi. Təəcübləndimmi? Xeyr. Bu həmin insanlardır ki, parklarda oturarkən yediyi tumun qabıqlarını ətrafa səpələyən, küçəyə tüpürən, siqaret kötüyünü ayağı ilə asfaltda söndürüb gedən, dənizin kənarında istirahətdən sonra yemək artıqlarını, qarpız qabıqlarını elə çimərlikdə buraxıb gedən insanlardır. Nə edək ki, insanlarımızın bir qismi təmizlik sözünün “t” hərfindən belə xəbərsizdirlər. Bu da özünü hər yerdə göstərir.

Xatırlayıram: bina evində yaşayırdım və qonşumuz hər gün yemək artıqlarını qapının ağzına yerə tökürdü ki, heyvanlar gəlib yeyəcək. Təfəkkürə baxın: bina evində 5-ci mərtəbədə heyvanlar gəlib, onun qapı ağzına tökdüklərini yeyəcək. Belə edə-edə axırda bloka küçə itlərini və pişiklərini alışdırdılar. Binada bit-birə dolu idi, məcbur şikayət etməli oldum. Və yaxud da məişət tullantılarını plastik torbalara yığıb qapı ağzına qoyurlar ki, çıxanda atsınlar deyə. Onlar o tullantını atana qədər binaya alışdırdıqları it-pişiklər torbaları yırtıb, tullantıları bütün blokun içinə yayırdılar...

Qısası, bu insanlara səhv olduqlarını başsa sala bilmirdim. Uşağının altnı dəyişib, həyət evində yaşayırmış kimi pampersi bina evindən aşağı atan qadınlarımızın olduğunu da bilirsiniz. Və yaxud da yolun ortasında dərindən bir iç çəkib, yerə tüpürənlərlə heçmi qarşılaşmamısınız?! Ötən gün Laçın-Şuşa yolundakı bulağı çirkləndirənlər də təxminən bu şəxslərdir.

Təmizlik insanın fitrətində olmalıdır, əks halda onu min dəfə cərimə etsən də, eyni davranışı sərgiləyəcək. Təəssüflər olsun ki, belə çirkli insanlar sıralarımızda kifayət qədərdir. Fitrətində təmizlik olmayan insandan hər şey gözləmək lazımdır. O insanlarla siz də qarşılaşırsınız. İctimai nəqliyyatda tər qoxusu verənlərə və ya sarımsağı-soğanı yeyəndən sonra səhər vaxtı cəmiyyətə "qarışanlar"a bir dəfə irad tutsan, səni borclu çıxaracaqlarına əmin ola bilərsən. Biz onları aramızdan heç cür təmizləyə bilməsək də, onların tökdüklərini də yığmaq məcburiyyətində deyilik.

Ötən gün Göygöl Milli Parkında idim. Urnadan sadəcə 50 metr aralıda yerə salfet və plastik butulka atılmışdı. Yəni parka gəlib bu yerə qədər çıxan insanın ağlı, dərrakəsi zibili urnaya atacaq qədər inkişaf etməyib. Nə deyə bilərik ki? Özünə, təmizliyinə baxmayan insanlar üçün heç bir fərqi yoxdur onsuz da. İradını bildirəndə də “sən çox həssassan” deyirlər...

Qanunla nə etmək olar?

Cərimə etmək olar ki, bir daha etməsinlər, amma bu insanlar üçün o da keçərli deyil. İnsanın əli bir hərəkətə öyrənibsə, nə qədər cərimə olunsa da, xarakteri dəyişən deyil.

Hər bir halda şəhidlərin qanı bahasına alınan torpaqları ziyarət edib, insanlıqdan nəsibini almamış şəkildə çirkləndirmək də olmaz. Adamın vicdanı olmalıdır. Bu gün sən o torpaqda rahat addım ata bilirsənsə, hansısa ananın balasını itirməsi bahasına bu imkandan faydalanırsan...

Eh, hələ medalyonun o biri üzü də var. Bu məxluqlar çöldə belədirsə, bir də onların evindəki vəziyyəti təsəvvür edin...

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »