“Avqustun 11-də Gəncədə yas mərasimində 111 nəfər, Avqustun 15-də Qəbələdə toyda 51 nəfər qida məhsullarından zəhərlənib. Zəhərlənməyə səbəb olan qida məhsulunun adı nədir? Yas mərasimlərinin qida rasionu bəllidir. Toylarda da oxşar qida məhsulları verilir. Adam Smitin “gözəgörünməz əl” nəzəriyyəsi yada düşür”.
Bu cümlələri deputat Etibar Əliyev özünün feysbuk statusunda yazıb. Adam Smitin 18-ci əsrdə "Əxlaqi hisslər nəzəriyyəsi" əsərindəki əsaslandırmalardan söhbət gedir. "Gözəgörünməz əl" - bazar iqtisadiyyatına dair metaforaymış.
Etiraf edək ki, hər birimiz ömür boyu ən azı bir dəfə gözəgörünməz olmaq istəmişik. Hansısa mürəkkəb bir problemi gizlicə (və asanlıqla) həll etmək üçün. Bu duyğu "gözəgörünməz əl" nəzəriyyəsinin (eləcə də, görünməzliyin yaratdığı reallığın) əsasını təşkil edir.
Biz də ölkəmizdə bazar iqtisadiyyatına keçidi elan etmişik. Bu, özü ilə çoxlu yeniliklər, yeni reallıqlar, həm də yeni illüziyalar gətirdi. Bizə elə gəlirdi ki, bazar iqtisadiyyatı ideal modeldir; planlılıqdan imtina rəqabətə keçən kimi hər şey qüsursuz işləyəcək. Elə deyil! Rəqabət idealda keyfiyyətin artmasına, qiymətin azalmasına səbəb olsa da, çox halda hər ikisinin düşmənidir. Xüsusilə də, "üçüncü dünya" ölkələrində.
Elə bilirsiniz, məsələn, başqa ölkələrdən Azərbaycanın idxal etdiyi məhsullar hamısı yüksək keyfiyyətlidir? Yox. Hələ zəif texnologiyalarla, ucuz (motivasiyasız) işçi qüvvəsi ilə istehsal edilmiş yerli məhsullar. ABŞ, məsələn, uzun zamandan bəri geridəqalmış ölkələrə toyuq budu ixrac edirdi. Çünki o toyuqları dərmanla böyüdürdülər; toksinlər budlara toplanırdı. Amerikalı təmiz ağ əti - toyuğun döş ətini özünə saxlayır, zəhərlisini zəif ölkələrə göndərirdi. Sovet İttifaqı dağılandan sonra bu zəhərli toyuq budları Azərbaycana da gəlirdi. İndi nə baş verir?! Geni dəyişdirilmiş məhsullar (GDM) "üçüncü dünya" xalqlarını məhv edir. Böyük dövlətlər öz bazarını - öz xalqını qorumağa çalışır; orqanik ərzaq istehsalını stimullaşdırır, başqa ölkələrdən qida idxalına tələbləri sərtləşdirir. Çünki qida terrorizmi silahlı terrorçulardan az təhlükəli deyil. Məsələn, ABŞ Kanada və Meksika ilə üçtərəfli saziş bağlayıb, öz cəmiyyətlərini qida terrorundan, bioloji terror hücumlarından sığortalamaq istəyir. Azərbaycanda vəziyyət çox çətindir; ərzaq məhsullarımın idxalından çox asılıyıq. Bir zamanlar xalq arasında açıq söhbət gedirdi ki, qida monopolisti olan "Azersun" şirkəti camaatı "Teksun"la zəhərləyir. İndi də müxtəlif ölkələrdən yağlar gətirilir. Qida sektorundakı nəhəng monopolistlər "Teksun"dan bəri, sizcə, çoxmu insafa gəliblər?! Mən inanmıram. İstehsalçı ilə gizli razılaşıb, keyfiyyəti aşağı salan şirkətlərdən söhbət gedir. Təkcə məhsulu gətirib satanda qazanmırlar, bəri başdan - istehsalçıdan alanda da qazanırlar. Keyfiyyətdən kəsərək. Odur ki, GDM ölkəmizdə at oynadır. Son illərdə cavan kişilərdə sonsuzluq faizini araşdırın. Təkcə bunu araşdırsaq, tablo gözlərimizin önündə canlanar.
Bu, konspirologiya deyil. Reallıq budur ki, bizi zəhərləyirlər. "Gözəgörünməz əl" nəzəriyyəsi özünü pis tərəfdən burada açıq göstərir. Son illər kütləvi qida zəhərlənmələri artıb. Qida Təhlükəsizliyi Agentliyi yaratmışıq; əlavə korrupsiya mexanizminə çevrilməkdən başqa elə bir ciddi uğuru yoxdur. Bir "leş Tofiq" gedir, yerində beş dənə "leş filankəs" peyda olur. Səhiyyə Nazirliyinin nəzarətçiləri də arada "kasıblayanda" dönərxanalara hücum çəkir. Sonra hər şey öz axarında davam edir; çarx yenə əvvəlki kimi dönür. Mənşəyi bilinməyən ət yedirirlər xalqa. Bu da azmış kimi qiymətini də gündən günə bahalaşdırırlar.
Bəli, ölkədə qida terrorizmi var. Kütləvi zəhərlənmələrin səbəblərini ciddi araşdırmaq lazımdır. Bu, hüquq-mühafizə, təhlükəsizlik orqanlarının işidir.
Qida Təhlükəsizliyi Agentliyini elə qurmaq lazımdır ki, özü qida təhlükəsinə çevrilməsin. Toylarda, yas mərasimlərində, ad günü ziyafətlərində, başqa kütləvi şənliklərdə verilən qida məhsulları, yeməklər, içkilər, əsasən, nəzarətdən kənarda qalıb. Nəzarətsizlik isə qida terrorçularının əl-qolunu açır. Düşmən təkcə əlində silah üstümüzə gələn deyil, silahsız da terror edə bilər. Torpaqlarımızı işğaldan azad etdik, qaldı süfrəmizi azad etmək.
Xeyr, boyaları qəsdən tündləşdirmirəm. Uşaqlarda yod, kalsium niyə çatmır, bilirsiniz? Niyə uşaq ölümü halları çoxalıb? Uşaqlar niyə normal boy atmır, niyə getdikcə "cırlaşırıq"?
Bir səbəb İranın narkoterrorudur. O birisi də başqa ölkələrin GDM terroru. Bunun qarşısına çıxmağımız lazımdır. Sonra çox gec olar.
Bir misal deyəcəm və daha heç nə yazmayacam; nəticəni özünüz çıxarın.
Belçikalı Noel Qodin. Bu adam əsl mətbəx terrorunun öndəriydi; qurbanlarını... tortla zəhərləyirdi. "Beynəlxalq Qənnadı Briqadası" - qida terror təşkilatı yaratmışdı. Təşkilatın zəhərləməyə çalışdıqları arasında Demi Mur, Tom Kruz, Bill Geyts, Bill Klibton kimi məşhurlar olub...
P.S. Bizim də düşmənlərimiz var. Üstəlik, öz milli yeməklərimizi "oğurlayıb" eynilə hazırlayırlar...
Seyid Əhmədli, Bizimyol.info






