Pakistanda bu il ilk dəfə 3 nəfərdə meymun çiçəyi virusu (mpoks) aşkarlanıb.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "Geo News" televiziyasında yer alan xəbərə görə, Hayber Paxtunxva əyalətinin səhiyyə rəsmiləri Körfəz ölkəsindən gələn 3 nəfərdə meymun çiçəyi virusu aşkarlandığını açıqlayıb.
Səhiyyə Nazirliyinin sözçüsü Sacid Şah açıqlamasında bildirib ki, bu insanlarda viral infeksiyanın yüngül simptomları var, lakin yoluxmanın qarşısını almaq üçün kontakt axtarışı aparılıb. Şah bildirib ki, nümunələr təsdiqlənmək üçün Milli Səhiyyə İnstitutuna göndərilib.
2023-cü ilin aprelindən bəri Pakistanda 11 mpoks hadisəsi qeydə alınıb, onlardan biri ölümlə nəticələnib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus meymun çiçəyi virusunun Afrika və digər regionlarda daha da geniş yayılması potensialını nəzərə alaraq, ÜST-nin Fövqəladə Hallar Komitəsinin avqustun 14-də çağırılması barədə qərar qəbul edib.
Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Komitəsi meymun çiçəyi virusu ilə bağlı vəziyyətin beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə halı təşkil etməsi ilə bağlı məsləhət rəyini açıqlayıb.
Afrika Birliyi həmçinin Afrika ölkələrində sürətlə yayılan meymun çiçəyi virusuna qarşı qitə miqyasında ictimai səhiyyə fövqəladə vəziyyət elan edildiyini də açıqlayıb.
Monkeypoks virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, çarşaf, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın ən mühüm yoluxma səbəblərindəndir.
İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşümə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.
Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül keçir və bir neçə həftə ərzində sağalır.
Qadir, Bizimyol.info






