Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən dönərxanalarda hazırlanan dönərlərin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər həyata keçirilib. Maraqlısı budur ki, ölkə üzrə monitorinq keçirilən 310 müəssisədə sanitar-gigiyenik və sanitar-texniki vəziyyət qiymətləndirilib. Və onlardan sadəcə bir müəssisənin vəziyyəti qənaətbəxş hesab olunub, 309 müəssisədə bir sıra nöqsanlar aşkar edilib. Bu, həqiqətən çox təhlükəli bir vəziyyətdir.
“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bir müddət AQTA-da ictimai şuranın üzvü olub.
Eyyub Hüseynov“Dəfələrlə rəhbərlik qarşısında məsələ qaldırdım ki, dönərxanalarda iş aparaq və nümunəvi dönərxana yaradaq, o birilər də baxsın və ona bənzəməyə çalışsın. Heç bir nümunəvi dönərxana yaradılmadı”-deyə ekspert bildirib.
Eyyub Hüseynov qeyd edib ki, ölkədə dönərxanalar çox ciddi problemə çevrilib.
“Biri 1 manata, 1.50 qəpiyə olan dönərlər əlbəttə təhlükəli dönərlərdir. Biz istəmirik ki, əhali bahalı şey alsın. Biz istəyirik ki, əhali ucuz və keyfiyyətli mal alsın. Ölkədə istənilən ətin satışına heç bir məhdudiyyət, qadağa yoxdur. Yaxşı olardı ki, Nazirlər Kabineti ənənəvi olmayan ətlərin satışına qadağa qoyulması ilə bağlı qərar qəbul etsin. Burada qanunlar belədir ki, hansı əti satırsan sat, üstünə yaz. İstehlakçını aldatmaq çox asandır. Bazarın bu seqmentinin təmizlənməsində ən mükəmməl işi Daxili İşlər Nazirliyinin müvafiq idarəsi görür. Onlar bir neçə il əvvəl regionlarda at ətinin, eşşək ətinin, ölmüş murdar olmuş heyvan ətlərinin satışını ifşa etdi. Hətta həbslər, ekspertizalar həyata keçirildi”-deyən Eyyub Hüseynov hesab edir ki, bu qurum daha fəal işləməlidir.
Eyyub Hüseynovun fikrincə, cəmiyyət onların bu işini dəstəkləyir.
“Dönərxanalara başqa heyvanlara məxsus ətlərin gətirilməsi istisna edilmir. Dönərxanalara getsək, görəcəyik ki, orda müxtəlif qurumlardan "verilmiş" kağızlar asılıb və sanki, hər şey öz qaydasındadır. Heç kəs bilə bilməz ki, o kağız dönərə aiddir, yoxsa yox.
Zəhərlənmə səbəblərinə gəldikdə, dönərlərdə təkcə ət deyil, mayonezlər və çörək arasına qoyulan digər inqridientlər də səbəb ola bilər.
Mayonezlərin saxlama müddəti 5 saatdan artıq deyil. Dönər bu gündən sabaha qalsa, şişə taxılmış dönər artıq çirklənmiş maldır. Onu soyuducuda saxlasan da, insanı zəhərləyə bilər”-deyən ekspert hesab edir ki, AQTA dönərxanalarda ciddi iş aparmalı və vəziyyətin dəyişdirilməsi üçün işlər görməlidir.
İradə Cəlil, Bizimyol.info






