Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsindən "Zəngəzur dəhlizi" ilə bağlı bənd çıxarıldı. Bunu hərə bir cür şərh edir.
Əslində daha əvvəl sərhədlərin delimitasiyası və demarkasiyası və anklav kəndlər məsələləri də sülh müqaviləsi məsələsindən ayrılmışdı. Nəticədə həm delimitasiya və demarkasiya məsələsində, həm də anklav kəndlər üzrə addımlar atıldı, ilkin nəticələr ortaya qoyuldu. Bu faktlar da göstərir ki, sülh sazişi ilə bağlı danışıqlarda qarşılıqlı münasibətlərə dair prinsiplər, normalar razılaşdırılır. Bu nöqtədə Azərbaycanın əsas tələbi Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəaların çıxarılmasıdır. Eynilə Türkiyə də həmin tələbi irəli sürür. Türkiyə ilə Ermənistan arasındakı danışıqları da bu çərçivədə aparılır. Türkiyə əlaqələrin qurulması üçün müəyyən hazırlıqları müzakirə edir. Ancaq bu, o demək deyil ki, Ankara İrəvana ünvanladığı əsas, prinsipial tələblərindən geri çəkilib. Əksinə bu cür addımlar tərəflər arasında etimad yaratmaq üçün ilkin jestlərdir. Eynilə Zəngəzur dəhlizi məsələsini ayrıca olaraq sonrakı mərhələdə həll etmək qərarı həmin məqsədə yönəlib. Rəsmi İrəvan faktik olaraq məlum 10 noyabr üçtərəfli bəyanatdan imtina edib. Söhbət Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirininn imzaladıqları bəyanatdan gedir. Həmin sənəddə və davamı olaraq imzalanan sonrakı bəyanatlarda Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması var. Azərbaycan və Türkiyə bunu "Zəngəzur dəhlizi" adlandırır. Rusiya, Ermənistan nəqliyyat- kommunikasiya xətlərinin açılması deyir. İran, ümumiyyətlə, Ermənistandan keçəsi dəhlizin əleyhinədir. Bu məsələ üzrə mövqelər hələ ki bu qədər fərqlidir. Azərbaycan, bəli, əsas məsələnin həllinə nail olmaq üçün ikinci dərəcəli məsələdə razılığa gəlib. Çünki bu, Orta Dəhliz məsələsinin perspektivinə təsir etmir. Hazırda da bu dəhliz üzrə daşımalar Gürcüstan üzərindən davam edir və yükdaşımalar getdikcə artır. Eyni zamanda Azərbaycanla İran arasında memorandum var və bu, Zəngəzur dəhlizinə paralel olaraq İran ərazisindən keçməklə daşımaları nəzərdə tutur. Başqa sözlə, Azərbaycanın alternativ variantları həmişə var. Sadəcə "Zəngəzur dəhlizi" məsafəni daha da qısaldırdı.
Ermənistan Azərbaycan ərazisini işğal altında saxladığı otuz ilə yaxın zaman ərzində biz dünyaya çıxa bilmirdik?! Çıxırdıq. Sadəcə, istəmişdik ki, istər neft-qaz nəqli, istər daşımalar Ermənistan üzərindən - daha qısa məsafədə həyata keçirilsin və şaxələnsin. Ancaq bu, mümkün olmadıqda biz Gürcüstan üzərindən bu layihələri həyata keçirdik. Nəticədə Ermənistan böyük məbləğlərdə tranzit qazanclarından məhrum oldu. Əgər Ermənistan o zaman, məsələn, 2000-ci illərdə tez bir vaxtda işğalçılıq siyasətindən əl çəkib, Azərbaycanla sülhə gəlmiş olsaydı, indi Rusiyadan bu qədər asılı vəziyyətdə olmazdı; Azərbaycandan daha ucuz neft və qaz da alacaqdı, iqtisadiyyatı da Moskvanın inhisarında olmazdı. Eləcə də, təhlükəsizliyi. Bu baxımdan, indi müstəqil dövlət olmaq, öz iqtisadiyyatına, öz ərazisinə özünün nəzarət edə bilməsi üçün Ermənistana ikinci şans düşüb. O, hazırda bu şansdan yararlanmaq və ya imtina etmək dilemması qarşısında qalıb. Daha doğrusu, özü özünü bu seçim qarşısında qoyub. Halbuki burada doğru variantın nədən ibarət olduğu gün kimi aydındır. Azərbaycan da öz növbəsində sülh sazişinin mətnini sadələşdirərək (bəzi məsələləri paralel və ya sonrakı icraata ayıraraq) İrəvanın doğru seçimə yönəlməsini asanlaşdırır. Əgər Ermənistan öz Konstitusiyasında uyğun dəyişikliklər edib Azərbaycanla sülh sazişinə gəlsə, deməli, doğrudan da, dövlət olmağı seçmiş olacaq. Yox, bunu etməsə, yenə də forpost, dəyənək rolunu oynamaqda davam edəcək. Öz ərazisini böyük güclərin hərbi-siyasi toqquşmalar poliqonuna çevirmiş olacaq. Bu qədər sadə!
P.S. "Zəngəzur dəhlizi" məsələsi sülh müqaviləsi layihəsindən çıxarıldı deyə bir-birinə təbrik statusları yazan Sorosbaşlar isə çox da sevinməyə, məncə, hələ tələsməsinlər: "Zəngəzur dəhlizi" məsələsi gündəlikdən çıxmayıb axı. Həmin bu Sorosbaşlar daha əvvəl də erkən sevinmişdilər: sərhəd məsələsi sülh sazişindən çıxarılanda: "Qazaxın kəndlərindən əl çəkdik" deyə nidalar saçmışdılar...
Bahəddin HəziBahəddin Həzi, Bizimyol.info






