"Oğul itirmək ağır dərddir. Belini qırır, adamın. Bütün ümidlərini, arzularını gözündə qoyur. Heç nəyin mənası qalmır. Düşünürsən ki, həyat bitdi. Ağlamağın, qışqırmağın gəlir tez-tez. Təkliyə meyl edirsən. Bundan sonra səni nə ayaqda tuta bilər ki? İllərini verdiyin, dost, sirdaş, qardaş bildiyin insan həyatda yoxdur və indi məzar daşından sənə baxır. Bundan sonra sənə nə təsəlli verə bilər ki?"
Şəhid kapitan Həmid Həmidlinin atası Əlisahib Həmidli oğlu ilə bağlı xatirələrini Bizimyol.info xəbər portalına danışıb.
Həmid Həmidlinin atası Əlisahib Həmidli / Foto: İradə Cəlil, Bizimyol.info“Mən çox tez ailə həyatı qurmuşdum. Elə bil mənim 40 yaşım olanda Həmidin 20 yaşı var idi. Aramızda ata-oğuldan çox, qardaş bağı var idi. Heç bir valideynə mən çəkdiyim dağı arzu etmərəm. Oğul itirmək, həm də Həmid kimi oğul itirmək mənim üçün çox ağırdır. Həmid mənim həm atam, həm qardaşım idi. Mən gözümü ona dikmişdim.
Şəhid olmamışdan öncə mənə demişdi ki, ata mən şəhid olacağam. Biz Füzulidə idik. Oradan əmisinin qəbri üstünə gəldik. Başdaşına toxunub dedi ki, “Əmi, sən çox bəxtəvər insansan. Sən cənnətdəsən, mən də tez bir zamanda yanında olacağam”.
Sentyabrın 19-u özümü pis hiss edirdim. Kürəyim yanırdı. Hiss edirdim ki, nəsə olacaq. Bir qədər sonra mənə zəng gəldi. Dedilər ki, “Qorxma, Həmid yaralanıb, diaqnostikaya gətirirlər”...
Diaqnostikaya necə getdiyimi bilmirəm. Mən gedəndə gördüm ki, çox adam var. Mən inanmırdım ki, Həmid şəhid olar. Mənim yaşadığımı heç bir validyenə arzulamıram.
İçəri girəndə gördüm ki, "Həmidli Həmid" yazılıb. Üzünü açdım, gördüm gülümsünür. İnanın, 27 ildə bəlkə də mən onu o qədər əzizləməmişdim.
Mən özümü həmişə özümü güclü hiss edirdim. Deyirdim ki, məni güllə ilə vursalar ölmərəm, amma Həmid məni diri ikən öldürdü. Bəzən təkliyə çəkilib, qışqıra-qışqıra ağlayıram ki, bəlkə sakitləşəm”...
İradə Cəlil, Bizimyol.info






