Nikahların sayının azalması, boşanma hallarının çoxluğu cəmiyyəti ciddi narahat edən məsələdir. Ailə institutu sarsılır. Bunun məntiqi nəticəsi kimi, doğum sayında da azalma var. İlin ilk 5 ayı ərzində cəmi 41 min 608 körpə dünyaya göz açıb. Keçən ilin eyni dövrü ilə müqayisədə aşkar azalma müşahidə edilib.
Bizimyol.info xəbər verir ki, son 25 ildə ölkədə ilk dəfə illik doğum sayı 100 min nəfərə çatmaya bilər. Əhalinin hər 1000 nəfərinə görə göstərici azalaraq 11,1-dən 9,8-ə düşüb. Aya orta hesabla 8 min doğum halı qeydə alınırsa, deməli, ümumi sayın 100 minə çatmaması mümkündür.
Azərbaycanda son 25 ildə ən az doğum 2001-2002-ci illərdə rəsmiləşib. Nəzərə almaq lazımdır ki, onda ölkə əhalisi yenicə 8 milyon nəfəri keçmişdi. Əhali bu müddətdə azı 25 faiz artıb. Amma doğum sayında azalma qaçılmazdır.
Ölkədə ən çox körpə 2011-ci ildə dünyaya gəlib. Onda 176 mindən çox ailədə uşaq səsi eşidilib. Lakin zamanla azalma başlayıb. Hər il vəziyyət pisləşib. Müharibədən sonra isə daha acınacaqlı vəziyyət yaranıb. Keçən il ölüm sayının 60 mindən çox olduğunu nəzərə alsaq, həyəcan təbili çalınmalıdır. Bu gedişlə yaxın illərdə doğum və ölüm sayları bərabərləşə bilər.
Situasiyanın yaranma səbəbləri barədə çox yazırıq. Ölkədə övlad böyütmək, yetişdirmək tamamilə valideynin məsuliyyəti sayılır. Dövlət orqanları ortada görünmür. Yalnız oğlan uşaqlarının 18 yaşı çatanda yada düşür ki, hərbi xidmətə getmək lazımdır.
Bir çox ölkələrdə belə davranmırlar. Dövlətin uşaq yetişdirilməsi ilə bağlı müxtəlif sosial proqramları olur. Bizdə adicə sosial yardım almaq üçün valideynlər əlinə qılınc-qalxan götürüb döyüşmək məcburiyyətində qalır. Çünki məsul qurumlar yardım verməmək üçün dəridən-qabıqdan çıxırlar. Bu şəraitdə doğum sayının sürətlə azalmasına da təəccüblənməməliyik. Çünki ölkədə uşaq böyütmək müharibəyə girmək məsələsinə çevrilib.
Aytən, Bizimyol.info






