Ermənistan öz sakinlərinin təhlükəsizliyini təmin etmək iddiası ilə Azərbaycanla sərhəddə, xüsusən də Kirants kəndində bərk beton divar hörür. Bu maneənin hündürlüyü təxminən üç metr və eni bir metrdir. Divar tamamlandıqdan sonra uzunluğu 100 metrə çatacağı gözlənilir. Ermənistanın çəkdiyi "sədd", Azərbaycan sərhəd zastavasının cəmi 100 metrliyində yaşayan Kirants kəndinin sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Bu tikinti, Bakı və İrəvanın SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1976-cı il topoqrafik xəritəsinə əməl etmək barədə qarşılıqlı qərarın nəticəsidir.
Politoloq Məhəmməd Əsədullzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, 4 esklav olmayan kəndin Azərbaycana qaytarılmasıyla bağlı razılıq əldə olundu. Politoloqun fikrincə, bu razılıq sülh istiqamətində atılan addım idi.
Məhəmməd Əsədullazadə“İndi Ermənistan tərəfi kənd əhalisinin təhlükəsizliyini təmin etmək üçün, öz ərazisində beton sədd çəkir. Görünən odur ki, bu addım orada yaşayan kənd camaatının istəyi ilə, onları tamamilə razı salmaq üçün atılır”-deyən politoloq bildirib ki, bu kimi hasarların çəkilməsi qanunsuz deyil. Ermənistan öz sərhədində Azərbaycan ilə arasında beton sədd çəkə bilər. Bu, digər ölkələrdə də var. Hətta Amerika və Meksika arasında da, Türkiyə İran arasında da belə səddlər var.
Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycan da digər istiqamətlərdə Ermənistanla arasında beton sədd qura bilər. Yəni bu, hər bir ölkənin hüququdur öz ərazisində digər dövlət ilə arasında beton səddi qura bilər.
“Ümumiyyətlə, Azərbaycan tərəfi Ermənistanın təhlükəsizliyini təhdid etməyib. Ermənistan uzun illər sərhəd rayonlarında Azərbaycanın əhalisinin təhlükəsizliyini təhdid edib. Həmçinin Qarabağda etnik təmizləmə aparıb”-deyən Məhəmməd Əsədullazadə hesab edir ki, baş verən proseslər, beton səddlərin çəkilməsi danışıqlar prosesinə də mənfi təsir göstərməyəcək. Hazırda danışıqlar gedir və müsbət irəliləyişlərin olacağı gözlənilir.
İradə Cəlil, Bizimyol.info






