ABŞ-ın keçmiş prezidenti və 2024-cü il prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd Donald Tramp prezidentliyi dövründə milli təhlükəsizlik səbəbilə qadağan etməyə çalışdığı sosial media platforması "TikTok"a qoşulub.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Tramp ilk paylaşımını dünən axşam açdığı təsdiqlənmiş hesabından qısa bir video görüntüsü ilə edib.
O, videoda "Burada olmaq şərəfdir" deyib. Trampın hesabının açılmasından az sonra onun izləyicilərinin sayı bir milyonu keçib. Xüsusilə noyabrda keçiriləcək prezident seçkilərində gənc seçicilərə təsir etmək üçün "TikTok"dan istifadə etdiyi şərh edilən Trampın bu platformada iştirakı sahibi çinli olduğu üçün qadağası ABŞ Konqresində müzakirə edilən sosial media platforması üçün də qazanc hesab olunur. "TikTok"un ABŞ-da 170 milyon istifadəçisi var.
Tramp həmçinin prezidentliyi dövründə milli təhlükəsizlik səbəbi ilə "TikTok"u bağlamaq istəyib, lakin federal məhkəmə tərəfindən bloklanıb. Tramp gənc amerikalıları qəzəbləndirəcəyi səbəbilə bu il Konqres tərəfindən qəbul edilən "TikTok" qadağasına yol açan qanun layihəsinin əleyhinə olduğunu bildirib.
ABŞ Nümayəndələr Palatası, 13 mart 2024-cü ildə "TikTok"un ölkədə qadağan edilməsinə yol açan “Amerikalıları Xarici Düşmənlərin Nəzarət Etdiyi Tətbiqlərdən Qorunması” qanun layihəsini qəbul edərək, “milli təhlükəsizliklə bağlı problem yaratdığını” iddia edərək, onu Senata göndərib.
Respublikaçılar və Demokratların birgə səsverməsi ilə qəbul edilən qanun layihəsinin tərəfdarları Pekində yerləşən "ByteDance" şirkətinin "TikTok" vasitəsilə əldə etdiyi Amerika vətəndaşları haqqında məlumatın Çin administrasiyasına ötürüldüyünü iddia edirlər.
"TikTok" rəhbərliyi isə bu iddiaların həqiqəti əks etdirmədiyini və ABŞ-dakı digər sosial media platformaları kimi tamamilə Amerika qanunlarına uyğun fəaliyyət göstərdiyini qeyd edir.
Qanun layihəsi Nümayəndələr Palatasında böyük səs çoxluğu ilə qəbul edildikdən sonra bütün gözlər layihənin göndərildiyi Senata çevrildi. ABŞ prezidenti Co Biden, milli təhlükəsizlik həssaslığına görə qanun layihəsini onun masasına çatacağı təqdirdə imzalayacağını açıqlayıb.
Qadir, Bizimyol.info






