ABŞ prezidenti Co Bayden administrasiyası tərəfindən məqsədəuyğun hesab edilən Türkiyəyə təxminən 23 milyard dollar dəyərində müdafiə texnikası satışının qarşısını almaq üçün ABŞ senatoru Rand Paulun Senata təqdim etdiyi qanun layihəsi böyük səs çoxluğu ilə rədd edilib. "F-16"ların Türkiyəyə satışını əngəlləyən qanun layihəsi 79 “Xeyr” səsi, 13 “Hə” səsi ilə rədd edilib. Bu nəticə ilə 40 Blok 70 "F-16" döyüş təyyarəsi, 79 "F-16" modernizasiya dəsti və onu müşayiət edən bir çox müdafiə sənayesi məhsulunun satışının irəliləməsinə heç bir maneə yoxdur.
Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, ABŞ Dövlət Departamenti 26 yanvarda satışla bağlı Konqresə rəsmi bildiriş verməklə 15 günlük Konqresə baxış prosesini başladıb və bu müddət fevralın 10-da problemsiz başa çatıb.
Senatın Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Mişel Mkkaul rəsmi bildirişdən dərhal sonra satışı təsdiqlədiklərini və satışa real maneə olmasa da, senator Pol bu qanun layihəsini səsverməyə çıxardıqlarını bildiriblər.
ABŞ Dövlət Departamentinin rəsmi bildiriş prosesi və Konqresin nəzərdən keçirmə müddəti başa çatdığından, satışın detalları hazırda istehsalçı "Lockheed Martin" ilə Türkiyə Respublikası Dövləti arasında müzakirə olunur. Xüsusilə "Lockheed Martin"in sifarişlərinin sıxlığı səbəbindən Türkiyənin yeni Blok 70 "F-16"larının 2027 və ya 2028-ci ilə təsadüf etməsi və modernləşdirmə dəstlərinin quraşdırılması ilə bağlı danışıqlar davam edir. Milli Müdafiə Nazirliyindən bu həftə verilən məlumata görə, Ankaranın həm yeni təyyarələrin istehsalının, həm də modernləşdirilməsinin Türkiyədə aparılmasını təklif etdiyi üzə çıxıb.
İki tərəf arasında aparılan danışıqlar yekunlaşdıqdan sonra satışın ümumi dəyərinin və alınacaq məhsulların çatdırılma tarixlərinin dəqiqləşəcəyi gözlənilir.
Qadir, Bizimyol.info






