Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ailəsi və bizim ailəmiz
Avropa ailəsi və bizim ailəmiz

...Dünən axşam dost məclisində inaqurasiyadan danışırdıq. Fikirlərimiz fərqlənirdi. Aramızdakı siyasi müzakirə hərdən qızğın mübahisəyə çevrilsə də, xoşbəxtlikdən hələ ki şəxsi münaqişə həddinə çatmır. Yəqin ona görə ki, həddini keçmir. Bir də axı bizi siyasət birləşdirməyib ki, siyasət də ayırsın.

Dostum prezidentin andiçmə nitqini analiz edirdi. Çox nöqtələrə toxundu. Razılaşdığım məqamlar da çox idi, razılaşmadığım fikirlər də az deyildi. Hamısına yer ayırsam, uzun olar. Gəlib ora çıxdıq ki, prezident İlham Əliyev öz nitqində geopolitik ailədən danışdı. Türk dövlətlərinə "ailəmiz" dedi.

Prezident andiçmə nitqində, bəli, Türk Dövlətləri Təşkilatını inkişaf etdirməyin zərurətindən danışdı və belə bir cümlə qurdu: "Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır".

Dostum-opponentim bu fikirləri Qərbdən uzaqlaşmaq kimi şərh elədi. Burda həqiqət payı da var. Ancaq məsələ ondadır ki, əslində Qərb bizdən uzaqlaşdı. Həm də hansı Qərb və hansı mənada?!

"Kollektiv Qərb" anlayışı rus diplomatiyasının və politoloji terminologiyasının elementidir.

"Qərb" deyəndə Qərbdəki dövlətlərin və ya qurumların hamısından söhbət getmir ki. Azərbaycanın Avropada strateji tərəfdaşlıq etdiyi xeyli dövlətlər var. Eləcə də, təmsil olunduğumuz təşkilatlar var.

Biz, məsələn, Avropa Şurası Parlament Assambleyasında yoxuq artıq, ancaq Avropa Şurasında hələ varıq. Biz NATO-da yoxuq, ancaq NATO-nun ən güclü dövlətlərindən olan Türkiyə ilə hər yerdə varıq. Və hər şeyə varıq.

Avropa İttifaqına gəlsək, biz Azərbaycan dövləti olaraq bu strukturda, təbii ki, yoxuq. Çünki bu, bir xristian klubudur; özləri də bunu gizlətmirlər.

Bəli, prezident doğru deyir: Cənubi Qafqaz kimi balaca bir coğrafiyada üç xalqdan ikisi xristiandır deyə doğması bilib bağrına basan, biri müsəlmandır deyə, başından basan bir quruluşda bizim yerimiz yoxdur.

Əslində bu gün diqqətlə baxanda, iki fərqli Avropa görürük. Biri Azərbaycandan neft-qaz alan, Azərbaycanla işləyən Avropa, o birisi Azərbaycanın əleyhinə işləyən Avropa. Biri öz müşahidə missiyyası adı altında yarımgizli hərbi diqtəsini sərhədlərimizə yerləşdirib, "binokl diplomatiyası" avantürası aparan Avropa, o biri Azərbaycanla Ermənistan arasında sülh vasitəçiliyi edən Avropa. Biri otuzillik işğal dövründə bizə: "Qarabağ üzərində haqqınızdan geri çəkilin, sizə bütün qapıları açaq" deyən Avropa, o biri isə, biz Qarabağı özümüz azad etdikdən sonra bütün qapıları üzümüzə bağlamaqla təhdid edən Avropa. Biri Ermənistanı revanşa hazırlayan Avropa, o biri bizi barışa çağıran...

Bu cür geosiyasi riyakarlıq fonunda prezidentin: "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir" fikri tam doğrudur.

Nitqin bu hissəsi, əlbəttə, ayrıca təhlilin mövzusudur. Sadəcə, bir mühüm nüansa diqqət yetirək. Həmin Avropa otuz il ərzində Azərbaycanın 17 min kvadrat kilometrlik bir parçasını işğal altında saxlayan Ermənistana "işğalçı" deməyib. Və indi Azərbaycan öz ərazisini azad edəndən sonra o keçmiş işğalçını zərərçəkən kimi tanıyan Qərb dairələrinə kim "sivil dünya" deyirsə, mən demirəm. Sivil dünya belə davranmaz.

Bizi Avropa ailəsində görmək istəməyən, ancaq bizə o ailənin maraqlarını diqtə etməyə çalışan bir zehniyyətlə necə birlikdə olacağıq?! Bir parçası olmadığımız, dışlandığımız quruluşun qoyduğu qaydalara niyə tabe olaq?!

Ona görə də qoy o Avropa İttifaqı xristian ailəsi olsun, nə ailəsi olursa-olsun. Biz də Türk ailəsi olaq. Demirdik ki, biz türkük. Elə də varıq. O halda niyə öz geopolitik ailəmizi qıraqda axtarırıq?!

Bəli, prezident bu prioriteti düzgün müəyyənləşdirib. ABŞ, Avropa İttifaqı, Rusiya, Çin, İran, Hindistan və sair aktorlar, hətta ərəb ölkələri Mərkəzi Asiyanın - zəngin və geniş Türk coğrafiyasının və toplumunun resurslarına və bazarlarına çıxış qazanmaq üçün çalışsınlar, biz də Azərbaycan və Türkiyə olaraq qıraqdan baxaq?! Birinin ərəb ailəsi, birinin slavyan ailəsi, başqa birilərinin fars ailəsi, anqlo-sakson, fransız-alman ailələri ola bilər də, bizim Türk ailəmiz olmamalıdır?! Əlbəttə, olmalıdır və var. Biz öz strategiyamızı bu ailənin varlığı və gələcəyi üzərinə kökləməkdə haqlıyıq...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »