“2020-ci ilin noyabr ayının 10-da Ermənistan kapitulyasiya aktını imzaladı və məğlub oldu. “Üç tərəfli bəyannamə” qəbul olundu. Həmin dövrdən bu günə qədər Azərbaycan bir neçə dəfə Ermənistana xəbərdarlıq edib. Onlara hərbi əsirlər verilib, dəyişdirilib və əvəzində, mina xəritələrinin verilməsini istəmişik. Bu da beynəlxalq vasitəçilərin, Avropa Birliyinin, Şarl Mişelin vasitəçiliyi ilə aparılıb”.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. O, qeyd edib ki, Ermənistanın verdiyi mina xəritələrinin 20-25 faizi öz əksini tapmayıb. Yəni Azərbaycana minalardan təmizlənmək üçün uzun illər lazımdır.
Elşad Həsənov“Azərbaycan prezidenti də, bildirib ki, bu əraziləri tam minalardan təmizləmək üçün böyük vəsait lazımdır. Bu sahədə bizə nə Avropa, nə Amerika ciddi dəstək göstərmir. Bütün bunların hamısını özümüz edirik”-deyən politoloq vurğulayıb ki, 2020-ci ilin noyabrından bu ilin sentyabrına qədər 95318 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Bu, böyük bir ərazidir. Amma bizim təmizlənməli ərazilərimiz daha çoxdur.
“93410 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Bu, bizdə olan statistik rəqəmdir. Son dövrlər Xankəndidəki könüllü köçdən sonra, Azərbaycanın Daxili İşlər Nazirliyinin və mina təmizlənmə agentliyinin Xankəndi şəhərindən göstərdiyi reportajlardan məlum olur ki, oradan köçüb gedəndən sonra həmin o qeyri-qanuni silahlı dəstələrin üzvləri ayrı-ayrı yaşayış binalarında, inzibati binalarda, uşaq bağçalarında partlayıcı maddələr quraşdırıblar. Bu, onların düşmən xislətindən irəli gələn bir davranışdır. Yəni “gedirəmsə, dağıdım-öldürüm”. Bunların xisləti budur. Ona görə də təxribatçı separatçıların basdırdığı minaları təmizləmək üçün bizə hələ çox vaxt lazımdır”-deyə politoloq bildirib.
Elşad Həsənov əlavə edib ki, minalardan zərər çəkənlərin böyük əksəriyyəti hərbiçilər deyil. Daha çox vətəndaş cəmiyyətinin üzvləri, yəni mülki şəxslərdir.
“Torpaq sahəsində işləyən sürücü, fəhlə və tikinti işi aparan şəxslər. Yəni artıq həmin dövrdən bu yana minalardan 314 dən çox ölüm faktı qeydə alınıb. Bu da çox böyük rəqəmdir və bunu həmişə Azərbaycan prezidenti beynəlxalq tədbirlərdə bildirir. Təəssüf ki, dünyanın, xüsusilə Qərbin apardığı ikili standartlara görə, hələ də bizə bu sahədə ciddi yardımlar göstərilmir. Bu səbəbdən də, Daxili İşlər Nazirliyinin və mina təmizləmə agentliyinin verdiyi xəbəradarlıqlara riayət etmək lazımdır. Təmizlənməmiş ərazilərə getmək qadağandır. Bu barədə təbii ki, bizim kütləvi informasiya vasitələri də əhaliyə xəbərdarlıq etməlidir. Yəni bu gün Qarabağa gedənlərin o yoldan kənara çıxıb, qeyri-qanuni olaraq harasa getməsi təhlükəlidir. Biz buna dəfələrlə şahid olmuşuq”-deyə Elşad Həsənov əlavə edib.
Politoloqun fikrincə, bu problem ərazilər minalardan və partlamamış hərbi sursatlardan təmizlənəndən sonra bitəcək. Bu proses isə, hələ 10-15 il çəkəcək.
İradə Cəlil, Bizimyol.info






