İyulun 3-də Azərbaycan Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərginin açılış mərasimi keçirilib. Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi haqqında” Sərəncamı çərçivəsində reallaşan sərginin açılış mərasimində Mədəniyyət nazirinin müavini Səadət Yusifova, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMİM-nin direktoru Şirin Məlikova, millət vəkili Jalə Əliyeva, Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyiblinin çıxış ediblər. Çıxışlarda Əli bəy Hüseynzadənin Azərbaycan milli-mədəni fikrinin formalaşmasında, türkçülük ideologiyasının inkişafında eləcədə təsviri sənətdə oynadığı müstəsna roldan bəhs olunub. Prezident İlham Əliyevin müvafiq Sərəncamının dahi mütəfəkkirin irsinin daha geniş şəkildə öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilib.
Tədbir çərçivəsində AMIM-nin direktoru, s.ü.f.d Şirin Məlikova, Ankara Hacı Bayram Vəli Universitetinin professorları Esma Özdaşlı və Kadir Ertaç Çelik, Köln Asiya Akademiyasının rəhbəri Orhan Aras, filologiya elmləri doktorları, professorlar Minaxanım Təkəli və Adil Babayev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Firdovsiyyə Əhmədova, eləcə də araşdırmaçı jurnalist Dilqəm Əhməd Türk dünyasının mədəni, elmi və ictimai əlaqələrinin inkişafına verdikləri töhfələrə görə Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə hazırlanmış xatirə nişanı ilə təltif olunublar.
Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi və şəxsi kolleksiyaya aid sənət nümunələri, eləcə də müxtəlif mənbələrdən əldə olunmuş arxiv fotoşəkillərini bir araya gətirən sərgi Əli bəy Hüseynzadənin irsinə ilk növbədə bədii yaradıcılığı, həmçinin ictimai fəaliyyəti prizmasından nəzər salmağa imkan yaradır.
Əli bəy Hüseynzadə Azərbaycan təsviri sənətində realizmin ilk nümayəndələrindən və peşəkar teatr rəssamlığının banilərindən biri hesab edilir. Onun rəngkarlıq və qrafika irsi portret, mənzərə və natürmort janrlarını əhatə edir. Əsərlərində milli-mənəvi dəyərlər, tarixi yaddaş, vətən sevgisi və insan xarakterinin psixoloji dərinliyi yüksək bədii ifadəsini tapıb.
Sərgidə müəllifin həm Azərbaycanda, həm də Türkiyədə yaratdığı “Mənzərə. Bibiheybətin görünüşü”, “Atatürkün portreti”, “Ailə portreti” və digər əsərləri nümayiş etdirilir. Ekspozisiyada, həmçinin, Salyan Tarix-Diyarşünaslıq Muzeyinə məxsus, Əli bəy Hüseynzadənin redaktoru olduğu “Həyat” qəzetinin ipək üzərində nəşr edilmiş nadir nüsxəsi də yer alır.
Azərbaycan milli düşüncə tarixində xüsusi yer tutan Əli bəy Hüseynzadə üçrəngli dövlət bayrağımızın ideoloji əsaslarını formalaşdıran şəxsiyyətlərdəndir. Onun irəli sürdüyü “Türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyası dövlət bayrağımızın rənglərinin mənəvi məzmununda öz əksini tapıb. Sərgidə böyük mütəfəkkirin redaktorluq fəaliyyəti, teatr sənətinə töhfələri və milli ideya irsinə həsr olunmuş məlumat lövhələri də təqdim edilir. Azərbaycan İstiqlal Muzeyinin kolleksiyasından seçilmiş fotoşəkillər Əli bəy Hüseynzadənin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini, eləcə də 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın iştirakçılarını və həmin dövrün tarixi mühitini əks etdirir.
Ekspozisiyanın mühüm hissələrindən birini Birinci Türkoloji Qurultayın keçirildiyi günlərdə “Azdövlətkino” tərəfindən lentə alınmış 8 dəqiqəlik qısametrajlı səssiz film təşkil edir. Sərginin multimedia bölməsində yerləşdirilmiş sensorlu ekranda (touchscreen) Əli bəy Hüseynzadənin sənət ənənələrini davam etdirən övladları – ilk türk kubist və abstrakt rəssamlarından Səlim Turanın, xalq sənəti və Şərq mifologiyası motivlərinə müraciəti ilə tanınan rəssam Feyzavər Alpsarın əsərləri yer alıb.
View this post on Instagram
“Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” sərgisi ziyarətçilərə böyük ideoloqu və ictimai xadimi həm də zəngin yaradıcılıq dünyasına malik rəssam kimi yaxından tanımaq imkanı yaradır.
Sərgi, 30 sentyabr tarixinədək davam edəcək.






