Rusiya Baş nazirinin müavini Aleksandr Novak paytaxt Moskvada keçirilən Rusiya Enerji Həftəsi çərçivəsində mətbuata Türkiyədə qurulması planlaşdırılan təbii qaz mərkəzi ilə bağlı açıqlamalar verib.
Bizimyol.info xəbər verir ki, təbii qaz mərkəzi layihəsinin diqqət çəkdiyini izah edən Novak: "Bu, həm Türkiyənin, həm də Rusiyanın böyük maraq göstərdiyi bir layihədir. Başqa iştirakçılar da var. Məsələn, Azərbaycan da layihədə iştirak etməyə hazırdır”, - deyə qeyd edib.
Novak bildirib ki, layihədə başqa ölkələr də iştirak edə bilər: “Biz inanırıq ki, digər ölkələr də qaz təchizatçısı kimi iştirak edə bilər. Çünki Avropa və xüsusilə Cənub-Şərqi Avropa üçün elektron ticarət platformasının yaradılması məqsədəuyğun olardı ki, orada satılacaq həcmlərə uyğun olaraq qaz qiymətləri təyin olunsun”, - deyə baş nazirinin müavini bildirib.
Novak bu mərkəzin yaradılması istiqamətində işlərin davam etdiyinə diqqət çəkərək: "Artıq "Qazprom" və "BOTAŞ" ilə yol xəritəsi hazırlanıb və tənzimləmələr aparılır. Ümid edirəm ki, bu layihə yaxın gələcəkdə imzalanacaq və onun həyata keçirilməsində irəliləməyə imkan verəcək”, - deyə bildirib.
Novak Türkiyə ilə təbii qaz sahəsində mühüm layihələr həyata keçirdiklərini qeyd edib. “Biz “Mavi Axın” və “Türk axını”nın 1-ci xətti ilə Türkiyənin daxili istehlakının, həm də “Türk axını”nın 2-ci xətti ilə Cənub-Şərqi Avropa ölkələrinin qaz təchizatı üçün Türkiyə ilə bir çox böyük layihələr həyata keçirmişik”, - deyib.
Sözügedən layihələrin prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin əldə etdiyi razılaşmalarla bağlandığını bildirən Novak: “Qeyd edim ki, "Qazprom" və "BOTAŞ" bu layihələri birgə həyata keçirir və bu gün sözügedən boru kəmərləri uğurla işləyir. Çatdırılmalar tam layihə gücünə uyğun həyata keçirilir. Ona görə də enerji sektorunda və xüsusən də təbii qaz sektorunda uğurlu əməkdaşlıqların olduğuna inanıram”, - deyə qeyd edib.
Bizimyol.info






