Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azneft” İB: Dübəndi sahilindəki neft sızmasının mənbəyi müəyyən edilib və qarşısı alınıb
“Azneft” İB: Dübəndi sahilindəki neft sızmasının mənbəyi müəyyən edilib və qarşısı alınıb

İyunun 19-da “Azneft” İB-nin mərkəzi aparatının aidiyyəti xidmətlərinə Dübəndi çimərliyi ərazisində neftlə çirklənmə izlərinin müşahidə olunması barədə məlumat daxil olub. Pirallahı adası ilə Dübəndi arasındakı akvatoriyada gəmilər və helikopter vasitəsilə aparılan ilkin baxış zamanı neft ləkəsi aşkar edilib.

“Azneft” İB-dən AZƏRTAC-a bildirilib ki, hadisənin ilkin mərhələsində neftin aktiv çıxış nöqtəsi vizual olaraq müşahidə olunmadığından mümkün çirklənmə mənbələrinin bir neçə variantı nəzərdən keçirilib. Aparılmış nəzarətli diaqnostik yoxlama nəticəsində çirklənmə mənbəyinin “Azneft” İB-yə məxsus sualtı neft kəmərlərindən biri olduğu müəyyən edilib. Sızma mənbəyi müəyyənləşdirildikdən dərhal sonra həmin sualtı kəmər üzrə neftin nəqli dayandırılıb. “Azneft” İB tərəfindən insidentin idarə olunması məqsədilə operativ qərargah yaradılıb və vəziyyət nəzarətə götürülüb.

“Azneft” İB-nin dalğıc xidməti tərəfindən aparılmış diaqnostik tədbirlər nəticəsində sualtı neft kəmərində mexaniki xarakterli zədələnmələr aşkar edilib. İlkin qiymətləndirməyə əsasən, bu zədələnmələrin xarici predmetlə, ehtimal ki, lövbər ilə təmas nəticəsində yarandığı müəyyən edilib.

Zədələnmə aşkar edildikdən dərhal sonra təmir-bərpa işlərinə başlanılıb. Bu işlər başa çatana qədər zədələnmiş kəmər istismardan kənar saxlanılır ki, bu da dənizə neft sızmasının davam etməsinin qarşısını alır.

İnsidentin nəticələrinin aradan qaldırılması, o cümlədən dənizin və sahilyanı ərazilərin təmizlənməsi işləri Fövqəladə Hallar Nazirliyi və “Azneft” İB tərəfindən sıx koordinasiyalı şəraitində həyata keçirilir.

Son xəbərlər
Bütün xəbərlər »