Dünya şöhrətli Türk alimi Mete Atatüre ilə bağlı hamımızı qürurlandıracaq bir hadisə baş verib. Uzun müddət Kembric Universitetində müəllim və Cavendish Laboratoriyasının vitse-prezidenti (ölkəmizdə fizika fakültəsinə uyğundur) vəzifəsində çalışan Atatüre indi də Kembric Universitetinin Fizika kafedrasının müdiri vəzifəsinə keçib.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kvant fizikası üzərində çalışan alim gələcək araşdırmaları ilə daha çox diqqət çəkəcək.
Bilkent Universitetinin Fizika fakültəsini bitirən Mete Atatüre Boston Universitetinin Kvant Görüntü Laboratoriyasında doktorantura təhsilini tamamlayıb. 2007-ci ildə Kembric Universitetində fəaliyyətə başlayan alim indi uzun illər çalışdığı fizika kafedrasının müdiri olub. Mövzu ilə bağlı açıqlamasında Mete Atatüre bu vəzifəni öhdəsinə götürməkdən inanılmaz dərəcədə qürur duyduğunu bildirib.
"Mən bu vəzivəni icra etməkdən, eləcə də Endi Parkerin və Cavendish Laboratoriyasını bugünkü vəziyyətə gətirən hər kəsin izi ilə getməkdən inanılmaz dərəcədə şərəf duyuram. Biz 150 illik elmi irsi daşıyırıq, lakin gələcəyə baxmalıyıq. Keçmiş uğurlar bu günümüzü formalaşdırdığı kimi, bugünkü maraq öhdəliyi də sabahkı nailiyyətləri müəyyən edəcəkdir.
Fizika fakültəsi daimi axtarışdadır. Məni və həmkarlarımı həyəcanlandıran və insanları bizə cəlb edən budur: stimullaşdırma, imkan hissi, yenilik və mən bu gün bu işdə daha da fəal rol almaqdan qürur duyuram.
Ümid edirəm ki, Rey Dolby Mərkəzi və məqsədyönlü şəkildə tikilmiş ən müasir qurğularımız həm elmi, həm də sosial mədəniyyətimizə müsbət təsir göstərəcək, həmkarlar arasında qarşılıqlı əlaqəni maksimum dərəcədə artıracaq, bizə həmçinin tərəfdaşlarımıza yaxşı işlər görməyə imkan verəcək.
İnsanlar bizim əsas resursumuzdur və mən tezliklə gələcək yeni dövrdə cəmiyyətimizə dəstək olmaq üçün əlimdən gələni edəcəyəm", - deyə Mete Atatüre qeyd edib.
1873-cü ildə qurulan Cavendish Laboratoriyası bu günə qədər bir çox böyük elmi araşdırmalara ev sahibliyi edib. Bundan başqa, burada çalışan onlarla alim Nobel mükafatına layiq görülüb. Mete Atatüre gələcək həyatında görüləcək işlərdə bir nömrəli ad olacaq. Ümid edirik ki, bir gün Mete Atatüre fizika üzrə Nobel mükafatı aldığını görəcəyik.
Qadir, Bizimyol.info






