Elon Mask cümə axşamı elan edib ki, əvvəllər "Twitter" kimi tanınan "X" tezliklə istifadəçilərə səsli və video zənglər etməyə imkan verəcək.
Bizimyol.info xəbər verir ki, bu xüsusiyyətin "Apple"ın "iOS" və "Google"un "Android" əməliyyat sistemləri ilə yanaşı "Mac" və fərdi kompüterlərində də mövcud olacağını qeyd edən Mask, bu xidmət üçün telefon nömrəsinə ehtiyac olmayacağını bildirib.
Mask sözügedən xüsusiyyətin nə vaxt istifadəyə veriləcəyi ilə bağlı dəqiq bir tarix açıqlamaq istəmədiyini bildirib.
Qeyd edək ki, bu elan Maskın "Facebook", "WhatsApp" və "Instagram"a sahib olan Mark Zukerberqin "META"sı ilə rəqabət aparmağa çalışdığı bir vaxta təsadüf edir.
Lakin kibertəhlükəsizlik mütəxəssisləri "X"in yeni funksiyanı tətbiq edəcəyi təqdirdə təhlükəsizlik problemi ilə bağlı narahatlıqlarını ifadə etdilər. Xüsusən də Mask birbaşa mesajlaşma istisna olmaqla, platformanın hər sahəsindən “bloklama” funksiyasını silməyi planlaşdırdığına işarə etdikdən sonra ehtiyatlı olmağı düşünənlərin sayı artıb.
"ESET" Qlobal Kibertəhlükəsizlik Məsləhətçisi Jake Moore bildirib ki, video və səsli mesajlaşmanın tətbiqi düzgün həyata keçirilməsə, potensial olaraq spam dalğasına və arzuolunmaz zənglərə səbəb ola bilər. Moore mətbuata açıqlamasında: "Deyəsən, Maskın yenidən beyninə hansısa, qəribə bir fikir gəlib, lakin hələ bunu tam planlaşdırmayıb", - deyə bildirib.
Sosial media proqramları vasitəsilə zənglər "Instagram" kimi platformalarda artıq mövcud olsa da, o qeyd etdi ki, bloklama funksiyası olmadan "X" spam zənglərinin gizli qalmaq istəyən istifadəçilərə çatmasının qarşısını almaq üçün başqa bir üsul qəbul etməlidir.
Qadir, Bizimyol.info






