Türkiyənin xarici işlər naziri Hakan Fidanın taxıl sazişi ilə bağlı Kiyev və Moskvada keçiriləcək danışıqlarının nəticələri Qara dəniz humanitar dəhlizinin fəaliyyətinin bərpası üçün razılaşmanın əsası ola bilər.
Bizimyol.info xəbər verir ki, Rusiya mətbuatına Türkiyədəki diplomatik mənbə bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putinin görüşündə bu məsələ ilə bağlı son qərar veriləcək.
Türkiyəli nazir avqustun 25-də Kiyevə səfər edəcəyi bildirilir. Sonra o, Moskvaya gedəcək. Nazirrin Rusiyaya səfər tarixi hələ açıqlanmayıb.
İki ölkə prezidentlərinin görüşü sentyabrda Rusiyada baş tuta bilər, bu barədə çərşənbə axşamı "NTV" telekanalı Ərdoğan administrasiyasındakı mənbələrə istinadən xəbər verib: “Türkiyənin xarici işlər naziri Hakan Fidanın Kiyev və Moskvada aparacağı danışıqlar Qara dəniz taxıl təşəbbüsünün bərpasına dair razılaşmaların əldə olunmasına zəmin yaradacaq və bu, Ərdoğan və Putin arasında görüşlə yekunlaşa bilər. Türkiyə tərəfinin taxıl sazişinin iştirakçıları, BMT və Qərblə məsləhətləşmələrdə səyləri nəticəsində əldə edilən irəliləyişi nəzərə alsaq, bunun üçün əsaslar var”, - deyə məlumat verən mənbə bildirib.
Onun sözlərinə görə, Ankara Rusiya tərəfinin ötən ilin iyulunda İstanbulda bağlanmış paket sazişinin öz hissəsinin yerinə yetirilməsi zərurəti ilə bağlı tələblərini nəzərə alaraq, taxıl dəhlizinin əvvəlki formatda bərpasını zəruri hesab edir. “Rusiyanın iştirakı olmadan bunu etmək mümkün deyil, siz kənd təsərrüfatı məhsullarının ixracı şərtləri ilə bağlı tələbləri yerinə yetirməklə və "Rosselxozbank"ı "SWIFT"ə yenidən qoşmaqla onu sövdələşməyə qaytara bilərsiniz”,- deyə məlumatlı mənbə əlavə edib.
"NTV" telekanalına istinadən Türkiyə prezident administrasiyasındakı mənbələr taxıl müqaviləsinin bərpası üzrə məsləhətləşmələrdə irəliləyiş barədə məlumat veriblər. Telekanalın məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyinin rəhbərinin Kiyevə səfərindən əvvəl Ukraynanın paytaxtına Türkiyə prezidentinin baş müşaviri Akif Çağatay Kılıç səfər edəcək.
Qadir, Bizimyol.info






