Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan vətəndaşlarının qonşu olmayan ölkələrə səfərləri azalıb
Azərbaycan vətəndaşlarının qonşu olmayan ölkələrə səfərləri azalıb

Azərbaycan vətəndaşları turizm məqsədi ilə qonşu ölkələrdən daha çox Türkiyəyə və Gürcüstana gedir. İrana səfərlər çox deyil, həm də xüsusilə işgüzar mahiyyət daşıyır. Bura tibbi qayğıların həlli də daxildir. Yəni turizm baxımından İran bizim səyahətsevərlər üçün cəzbedici istiqamət sayılmır. Bu sözü indi Rusiya haqqında da demək olar. Müharibə yanaşmanı xeyli dəyişib. Rusiya əmək bazarına yenə müraciət edənlər var, amma əvvəlki illərlə müqayisədə dəfələrlə azdır.

Bizimyol.info xəbər verir ki, Azərbaycan vətəndaşlarının qonşu olmayan ölkələrə səfərləri azalıb. Əlbəttə, ümumilikdə xaricə gedənlərin sayında azalma var. Dövlət Statistika Komitəsinin bununla bağlı hesabatı yayılıb. 2026-cı ilin yanvar-may aylarında başqa ölkələrə üz tutanların sayında 6,3 faiz azalma qeydə alınıb. Lakin xüsusilə qonşu olmayan dövlətlərə gedənlərin payında daha çox geriləmə var. Keçən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz azalma olub.

Niyə bu faktın üzərində xüsusi dayanırıq? Yazının əvvəlində də qonşu dövlətlərə səfərlərlə bağlı qeydlər aparmaqda məqsədimiz vardı. Ölkə vətəndaşlarının səyahət potensialını daha çox qonşu olmayan ölkələrə səfərlər göstərir. Rusiyaya, İrana səfərlər əksər hallarda turist obrazı ilə bağlı olmur. Gürcüstana da orada yaşayan yaxınlarına dəymək üçün gedənlər çoxdur. Qonşu olmayan dövlətlərə səfərlər isə 90-95 faiz hallarda məhz turizm məqsədi daşıyır.

Heç kim inciməsin, bunu da sosial vəziyyətlə bağlamalı olacağıq. “Facebook”da səyahət qruplarında yazılanları oxusanız, bizə haqq qazandırarsınız. Müzakirələr ciddi şəkildə azalıb. Qərb ölkələrinə səyahət üçün gedənlərin sayının azalması həm də təəssürat yazılarının, fotoların azlığı ilə özünü göstərir. Halbuki əvvəllər hətta Cənubi Amerikaya, Şimali Amerikaya, uzaq Şərqə səfərlər də müzakirə predmeti olurdu. Sanki insanların maddi imkanı zəifləyib, səyahət haqqında əvvəlki qədər düşünə bilmirlər.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »