Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət qulluğu: Çervyakovun faciəli snabizmi, yoxsa Mirzə Səfərin qürurlu kompetensiyası
Dövlət qulluğu: Çervyakovun faciəli snabizmi, yoxsa Mirzə Səfərin qürurlu kompetensiyası

Cəmiyyət orta təbəqənin üzərində dayandığı kimi dövlət də məmur korpusunun üstündə bərqərardır.

Siyasi vəzifə tutanlar - siyasi komandalar dəyişə bilər. Amma məmur korpusu, əsasən, dəyişmir. Əsasən dəyişməməlidir.

Ancaq bir çox hallarda məmur korpusunda dəyişmələr olur.

Niyə?

Bəzən təzə gələn rəhbər "öz" adamlarını gətirir.

Öz adamları da kimdir?

Çoxu dost-tanış. İşi bildi, ya bilmədi, fərqi yoxdur.

Məmur - məmurdur da. Niyə çıxarırsan? Adam yaxşı işləyirsə, niyə çıxarırsan? Niyə dövlət qurumundan kütləvi şəkildə qovursan adamları?

...Bilirsiniz, siyasi vəzifə tutan adam kapitandır, ancaq gəminin özü məmur təbəqəsidir. Gəminin özü olmadan kapitan ola bilər?! Varsa da, həmin o gəmisiz kapitan kimə lazımdır, nəyə lazımdır?!

Dövlət qulluğunu dövlət quldarlığı kimi başa düşənlər də var. O kəslər ki, özləri dövlət quldurluğu ilə məşğul olur. Təbii ki, ya DTX, ya prokurorluq... qapısını döyənə qədər...

Dövlət quldarlığı yaradanlar dünyanın müxtəlif ölkələrində var. Belə rəhbərlər hər yerdə olur, bu, ayrılıqda götürülmüş bir ölkəyə məxsus hal deyil.

Belə siyasətçilər özlərini məmurların rəhbəri deyil, sahibi kimi aparır, gec-tez cəzasını da çəkir. Azərbaycanın ən yaxın tarixində də belə faktlar - cəzalanmış xeyli modern quldar obrazları var.

Mediada və sosial şəbəkə platformalarında bəzən (ya da elə tez-tez) rast gəlirik: məmurlar, məmurlar... Məmur elə getdi, məmur belə gəldi.

Bütün neqativlər məmura yüklənir.

Yazırlar ki, filan məmurun xaricdə əmlakı var, xarici bankda hesabı var, milyonları var, milyardları var. Baxıb görürsən, bunlar heç məmur deyil, siyasi vəzifə tutan adamlardır.

Bəli, məmurları da korrupsiya sxemlərinə cəlb edirlər, o ayrı. Məmur təbəqəsi bütövlükdə siyasətdən kənarda dayananda onun işgüzar mövqeyi daha dayanıqlı olur.

Məmur siyasətlə də, bizneslə də məşğul olmalı deyil; onun yetərincə böyük və mühüm missiyası var.

Dövləti binaya bənzətsək, məmur korpusu - dövlət qulluqçuları təbəqəsi özlüyündə bu binanın yükgötürən divarı kimidir.

Bəzən dövlət qulluçusunun dövlətdəki işinə, roluna skeptik yanaşmalar da olur. Əslində isə bu, belə deyil. Siyasi vəzifələri tutanlar arasında, belə deyək, profildən kənar mütəxəssislər çox olur. Dövlət məmuru isə konkret sahədə illərlə, onillərlə çalışır, öz işini dərindən öyrənir, ekspert səviyyəsinə çatır. Hətta mühüm dövlət proqramlarının, siyasi qərarların formalaşmasında təsiri, rolu, əməyi var.

Dövlət qulluqçusunun missiyası - dövlətdə məmurun rolu kiçik olsaydı, Frans Kafka, İohann Volfqanq fon Höte, Nikolay Qoqol, İvan Krılov, Uilyam Folkner, Mirzə Fətəli Axundzadə kimi nəhəng simalar - belə dahi yazıçılar dövlət məmuru olmazdılar.

Həmin yazıçıların yaradıcılığında da bu və ya başqa formada orta və kiçik dövlət qulluqçularının həyatı, obrazı canlandırılıb.

Qoqolun "Müfəttiş" əsərində də əsas obraz - Xlestyakov özünü məhz dövlət məmuru kimi təqdim edərək, əyalət elitasının diqqətini çəkməyə çalışmışdı. Özünü məmur rolunda o qədər "real" təsvir etmişdi ki, axırda onda həqiqətən də məmur olduğuna dair təsəvvür yaranmışdı. Öz dediyi yalanlara özü başqalarından da çox inanmışdı. Çünki Xlestyakov fırıldaqçı olsa da, onun arxa şüurunda ləyaqətli və nüfuzlu bir dövlət məmuru "gizlənmişdi". Bu, onun gerçəkləşməyən xəyalı imiş.

Ədəbiyyatın məmurlar "qalareyasında" Anton Çexovun "Çinovnikin ölümü" hekayəsindəki kimi faciəli snabizmdən əziyyət çəkən İvan Çervyakov da, Alber Kamyünün "Xoşbəxt ölüm" romanında həyatın amansız üzündən qaçıb dəftərxana küncünə sığınmış Partis Merso kimi klassik talesiz də var, amma Əbdürrəhim bəy Haqverdiyevin "Mirzə Səfər" hekayəsinin təmiz, bacarıqlı və qürurlu məmur qəhrəmanı da var. "Həsən ağanın qohumu"nu camaatdan üstün tutmayan, "boynuna mindirməyən" Mirzə Səfər əsl məmurluğun bədii etalonu idi.

Yeri gəlmişkən, Əbdürrəhim bəy özü də dövlət qulluqçusu olmuşdu.

İndiki müstəqil Azərbaycan dövlətində də dövlət qulluqçusunun hüquqi statusu, standartlar, vəzifə təlimatları, təminatlar var. Bunlar ayrıca "Dövlət qulluğu haqqında" qanunda, başqa normativ-hüquqi aktlarda əks olunub, təsbit edilib.

Hazırda "Dövlət qulluğu haqqında" qanuna dəyikliklər müzakirə olunur. Layihə qəbul olunarsa, dövlət qulluqçusuna qarşı tələblər də yüksələcək, onun təminatları da. Dövlət qulluğuna qəbul, dövlət qulluğunu başa vurma halları üçün meyarlar konkretləşdirilir.

Başqa yeniliklər də var.

Bütövlükdə qanun bu xidmətin statusunu daha da yüksəltməyə yönəlib.

Görünür, məqsəd var: dövlət qulluğuna bütövlük "Mirzə Səfər standartı" gətirmək və bu bədii modelin reallıqda oturuşması.

Hə, bu arada ASAN Xidmət dövlət təfəkkürünün artıq çoxdan sınadığı "Mirzə Səfər modeli" imiş...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info
Son xəbərlər
Bütün xəbərlər »