Türkiyədə ən səs-küylü qətllərdən biri 2009-cu ildə baş vermişdi. Münəvvər Karabulut vəhşicəsinə öldürülmüşdü. 17 yaşlı qızı bir neçə yerə parçalayıb, başını bədənindən ayırmışdılar. Sonradan bütün detallar Münəvvərin sevgilisi Cem Qaripoğlunu işarə vermişdi.
Bizimyol.info xəbər verir ki, Türkiyədəki səs-küylü qətlin sirri hələ də açılmayıb. Cem Qaripoğlunun məhkum olandan beş il sonra həbsxanada intihar etdiyi bildirilir. Karabulut ailəsi bu versiyaya inanmır. Çünki onlara Qaripoğlunun meyitini göstərməkdən imtina ediblər. Münəvvərin yaxınları inanır ki, Cemin ailəsi böyük rüşvətlə intihar xəbərini yayaraq onu həbsxanadan xilas edib. Qaripoğlunun başqa adla yaşadığı ehtimal edilir.
Münəvvərin cəsədini 2009-cu il martın 4-də gecə saatlarında zibil qutularından kağız toplayan bir şəxs aşkar etmişdi. O, gitara daşımaq üçün nəzərdə tutulmuş qabı açanda yerində donub qalmışdı. Burada kəsilmiş baş gözə dəyirdi. Kağız toplayan şəxs dərhal ətrafa səs salmışdı. Polis tezliklə qətlə yetirilən şəxsin Münəvvər Karabulut olduğunu müəyyənləşdirmişdi. Yaxınlıqdakı ikinci zibil qutusunda onun bədəninin qalan hissəsi tapılmışdı.
Ailəsi ilə Boludan İstanbula köçmüş Münəvvər Cemlə repetitor yanına hazırlığa gedəndə tanış olmuşdu. Aralarında hisslər yaranmışdı. Amma onlar 2009-cu il yanvarın 12-də polisə düşmüşdülər. Münəvvər Cemin anasının kredit kartından 8 min lirə xərcləmişdi. Qadın polisə şikayət etmişdi. Qızın valideynləri əvvəldən Cemin anasına ağız açsalar da, o, məsələni hüquqi müstəviyə daşımışdı. Qadın Münəvvərin anasına “yaxşı övlad yetişdirəydiniz” demişdi. Beləcə, sevgililərin münasibətində soyuqluq yaranmışdı. Cem Münəvvərlə qızın ad gününün ertəsi görüşmüş, bundan sonra meyit aşkar edilmişdi. Karabuluta çoxlu bıçaq zərbəsi endirilmişdi. Kamera görüntüləri zibil qutularına cəsədi iki nəfərin atdığını göstərirdi. Cem Qaripoğlu polisdən 197 gün gizlənməyi bacarmışdı. Bütün Türkiyə bu qətldən danışırdı. Əksəriyyət hesab edirdi ki, valideynləri Cemə gizlənməyə kömək olur. Qaripoğlu 2009-cu ilə iyulun 17-də polisə təslim oldu. O, 24 il azadlıqdan məhrum edildi. Cemin valideynləri də məsuliyyətə cəlb olundu. Üstəlik, Karabulut ailəsinə təzminat ödəməliydilər.
2014-cü il oktyabrın 10-da Silivri təcridxanasından Cemin intihar xəbəri gəldi. Karabulut ailəsi buna qətiyyən inanmaq istəmir. Onlar Qaripoğlunun həbsxanadan qaçırılmasına əmindir. İctimaiyyət də fərqli düşünmür. Sosial mediada yazılan rəylərin əksəri Cemin hələ də sağ olması barədədir.
Aytən, Bizimyol.info






