Yunanıstan Türkiyə ilə sərhəddə yenidən divar hörür. Bu dəfə 35 km-lik əraziyə divar hörülür. Bu davranış ölkələr arası münasibətlərə necə təsir edəcək? Divar hörmənin məqsədi nədir?
“Divar Yunanıstanı daha da çirkin edir! Yunanıstan bir neçə ildir ki, mühacirləri bəhanə edərək, Türkiyə sərhədində polad hasar çəkir. Afina Türkiyə-Yunanıstan sərhədini müəyyən edən Evros çayı boyunca beş metr hündürlüyündə polad hasarın daha 35 kilometr (21,7 mil) uzadılmasına qərar verib. Hazırda divarın uzunluğu 37,5 km-dir və Afina 2026-cı ilə qədər divarı 100 km-ə çatdırmağı hədəfləyir. Yunanıstanın baş naziri Kriakos Mitsotakis, dəyəri 100 milyon avro (108 milyon dollar) olaraq qiymətləndirilən layihənin AB-nin vəsaiti olmasa belə davam edəcəyini söyləyib”.
Bu barədə Bizimyol.info xəbər portalına Yeni Akit Qəzeti Ankara Xəbər Direktoru Muhammet Kutlu dnaışıb. Kutlu qeyd edib ki, Yunanıstanın şimal-şərqində, Feresdə layihə ilə bağlı səfəri zamanı mediaya açıqlama verən Yunanıstanın Baş naziri Kriakos Mitsotakis, bir çox məsələrdən söz açıb.
“Yeni Akit” Qəzeti Ankara xəbər müdiri Muhammet Kutlu"Məncə, Aİ-nin bu cür layihələr üçün Avropa vəsaiti ayırmağı ciddi şəkildə düşünməsinin vaxtı çatıb. Nəhayət, biz Avropanın təhlükəsizliyinə töhfə veririk və eyni zamanda daha inteqrasiya olunmuş və effektiv Avropa sığınacaq siyasətinə töhfə veririk"-deyə Mitsotakis qeyd edib.
Baş nazir Mitsotakis, “Burada gördüyünüz Yunan hökumətinin Avropa Birliyinin xarici sərhədləri olan bir ölkənin sərhədlərini qorumaq üçün qurduğu bir maneədir. Mən həmişə hesab etmişəm ki, əgər biz xarici sərhədlərimizi qorumasaq, immiqrasiya və sığınacaqla bağlı yeni razılaşma əldə edə bilməyəcəyik. Düşünürəm ki, bizim burada gördüyümüz iş bu məqsədə mühüm töhfədir. Burada gördüyünüz şey yalnız Yunanıstan büdcəsi, yunan vergi ödəyiciləri tərəfindən maliyyələşdirilir”-deyib.
Muhammet Kutlu hesab edir ki, divarın hesabını Avropa Birliyinin üzərinə yıxma səyləri uğursuz olub. Belə divarların maliyyələşdirilməsi ilə bağlı müzakirələr fevralda Aİ sammitində yenidən gündəmə gəlib. Avstriya və Yunanıstan da daxil olmaqla bir sıra ölkələr sığınacaq axtaranların axınını azaltmaq üçün blokun xarici sərhədləri boyunca divarlar tikmək üçün Aİ-nı maliyyələşdirməyə çağırıb. Amma Avropa Komissiyası israr edib ki, Aİ büdcəsində bunun üçün pul yoxdur. Aİ-nin daxili işlər üzrə komissarı Ylva Johansson, "Divarlara və ya hasarlara pul xərcləsəydik, başqa şeylər üçün pul qalmazdı" deyib.
Divarın əsas məqsədi nədir?
Kutlu qeyd edib ki, Yunanıstanın Türkiyə sərhədini divarla tamamilə bağlamaq cəhdi neçə yüz illik türk qorxusunun son illərdə xəstəliyə çevrilməsindən başqa bir şey deyil. Bunu hamı bilir. Bir gün türklərin qayıdıb öz torpaqlarını geri alacaqları düşüncəsi yunanları çox xəstə edir. Türkiyə inkişaf etdikcə, gücləndikcə bu qorxu daha da dərinləşir. Əks halda, Avropa İttifaqının əsas ideyasının ən mühüm müddəalarından biri Avropa ölkələri arasında yaxşı münasibətləri artırmaq, gömrük məsələlərini aradan qaldıraraq ölkələr arasında ticarəti artırmaq idi.
“Bu səbəbdən soyuq müharibə dövründə tikilmiş Berlin divarı onilliklər boyu tənqidlərə məruz qaldı, onu azadlığa və irticaya qarşı böyük bir hücum kimi göstərdi. Sonda sovetlər dağılan kimi divar da uçdu. Hazırda Aİ ölkəsi olan Yunanıstan AB ilə danışıqları hələ də davam edən Türkiyə ilə öz arasına çirkin, köhnəlmiş polad divar hörür. Bu divarın Yunanıstanın təhlükəsizliyinə heç bir töhfə verməməsi bir yana, iki min il əvvəl türklərə qarşı tikilmiş Böyük Çin səddini xatırladaraq bu ölkəni daha da sarsıdıcı zərbənin qucağına itələyir. Bir sözlə, Yunanıstanın tikdiyi eybəcər divar Yunanıstanın obrazını da çirkinləşdirir”-deyə Kutlu vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






