Ermənistanla Türkiyənin münasibətlərində nəzərəçarpacaq irəliləyiş yoxdur. Yəni ölkələrin tezliklə mehribanlaşacağı gözlənilmir. Buna baxmayaraq, Ermənistan Türkiyə ilə sərhəddə, Marqara körpüsü yaxınlığında nəzarət-buraxılış məntəqəsi tikir.
Bizimyol.info xəbər verir ki, Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan hökumət iclaslarında maliyyələşmə ilə bağlı bir sıra qərarlar qəbul edildiyini deyib. O, aktiv tikinti işləri aparıldığını təsdiqləyib. Badasyan tikintinin nə vaxt başa çatacağını açıqlamayıb: “Mən konkret tarix deyə bilmərəm. Amma tezliklə bitəcək”.
Dövlət Gəlirləri Komitəsinin rəhbəri əlavə edib ki, nizamlanma prosesi ilə tanış deyil və rəhbərlik etdiyi strukturun funksiyası sərhədlərin açılacağı halda gömrük məntəqəsi hazırlamaqdır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu həftənin əvvəlində Vyanada avstriyalı həmkarı ilə görüşündən sonra keçirilən brifinqdə Türkiyə ilə münasibətlərin nizamlanması prosesinə toxunub. Mirzoyan etiraf edib ki, indi dialoq prosesində pauza var.
“Nümayəndələrimiz artıq bir neçə dəfə Vyanada görüşüblər və nizamlanma məsələlərini müzakirə etmək imkanı qazanıblar. Ümid edirəm ki, bunun davamı olacaq. Prosesdə müəyyən fasilə yaranmışdı. Məncə, bu, Türkiyədəki seçkilərlə bağlı idi. İndi nizamlanma üzrə danışıqları davam etdirməyin vaxtıdır. Münasibətlərin yekun, hərtərəfli və tam nizamlanması, iki ölkə arasında sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması istiqamətində düzgün yolda olduğumuzu təmin etmək üçün artıq hər iki tərəfin atacağı bir çox addımlar var. Bu halda təbii ki, mən ilk növbədə Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportu olan Ermənistan və Türkiyə vətəndaşları üçün açılmasını nəzərdə tuturam. Daha bir neçə layihə var ki, onlar da müzakirə olunur”.
Mirzoyan münasibətlərin normallaşdırılması üçün Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin növbəti görüşü barədə razılıq olmadığını əlavə edib. Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan yazın əvvəlində bildirib ki, əvvəlki razılaşmalara əsasən quru sərhədi artıq üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açıq olmalı idi.
“Bu sazişin həyata keçirilməsi üçün biz artıq Marqara keçid məntəqəsinin onun üçün hazırlanması üzərində işləyirik. Uyğun infrastrukturun yaradırıq, təmir işləri görürük. Məlumdur ki, Türkiyə tərəfi də buna hazırlaşır. Ən azı razılaşmanın etibarlı olmadığına dair heç bir iddia yox idi”.
Ermənistan mətbuatı Türkiyə tərəfinin bir tərəfdən dialoqu dayandırmadığını, digər yandan Ermənistan-Türkiyə prosesini daim Azərbaycanla mümkün sülh müqaviləsi ilə əlaqələndirir.
Aytən, Bizimyol.info






