Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə və Rusiya qarşı-qarşıya gəldimi?
Türkiyə və Rusiya qarşı-qarşıya gəldimi?

Rusiya Qara dənizdə "taxıl sövdələşməsi"ndən çıxdı. Bunu Türkiyənin Ukrayna ilə bağlı atdığı son addımlara cavab kimi qiymətləndirirlər. Türkiyə "Azov" batolyonunun döyüşçülərini Ukraynaya qaytardı. Türkiyə Ukraynada "Bayraktar" SİHA-larının zavodunu tikəcək. Türkiyə İsveçin NATO-ya qəbul edilməsinə dair aktiv danışıqlara açıldı. Türkiyə Rusiya "sülhməramlı" kontingentini 2025-ci ildə Qarabağdan çıxarmağa çağırdı. Türkiyə Ukraynaya siyasi və humanitar dəstəyini artırdı. Türkiyə ABŞ-dan F-16-ların alınmasına dair pozitiv siqnallar aldı və sair. Bunların heç biri Rusiyanın xoşuna gəlmədi. Moskva bir neçə acıqlı bəyanat verdi. Amma elə rus ekspertlərin özlərinin dediyinə görə, Rusiya bundan daha artıq nəsə edə bilməyəcək; Türkiyə ilə açıq qarşıdurmaya getməyəcək. Çünki Türkiyə hazırda Rusiya iqtisadiyyatı üçün bir nəfəslik rolunu oynayır.

Deyərsiniz ki, bundan bizə nə?! Cavabı məlum: Rusiya ilə Türkiyə arasında baş verən və baş verə biləcək hər şeyin bizə çox dəxli var. Sadaladıqlarımızdan başqa, Rusiyanı qıcıqlandıran daha bir gerçək də var. Bu da Türkiyənin Cənubi Qafqazda öz təsirini artırmasıdır. Burada da əsas istinad nöqtəsi Azərbaycandır. Bakı ilə Ankara dünyada bənzəri olmayan birgəlik içindədir. Nəinki bir millətin iki dövlətidir, hətta sanki bir millətin tək dövləti kimi həmrəyliyə yetişiblər. Ona görə Rusiyanın Türkiyəyə qarşı münasibətinin, ya da mövqeyinin dəyişməsi Azərbaycana da inikas edir. Şuşa da daxil olmaqla müxtəlif istiqamətlərdəki silahlı təxribatlar təkcə Brüsseldəki Azərbaycan-Ermənistan danışıqları ilə bağlı deyildi (o da var). Bu, həm də Türkiyəyə cavabdır. O səbəbdən, Türkiyə prezidenti: "Rus qoşunu Qarabağdan çıxsın" deyir.

Rusiya istəmir, Azərbaycanla Ermənistan arasında sülh bağlansın. Rusiya istəmir, iki ölkənin sərhədləri rəsmiləşsin. Rusiya istəmir, Qarabağ Azərbaycanın tərkibinə qayıtsın. Rusiya istəyir ki, Xankəndində separatçı, oyuncaq rejim və Qarabağda silahlı dəstələr qalsın. O da istəyəndə münaqişə yaratsın, aranı qarışdırsın. Ancaq nə Azərbaycan, nə də Türkiyə bunları istəmir. Ona görə Rusiya-Türkiyə münasibətləri pisləşsə, bu, özünü Qarabağda və bütövlükdə ölkəmizin həyatının bütün sferalarında göstərəcək.

Xüsusilə, Moskva ölkəni daxildən də silkələmək istəyər. Ancaq gözlənilən, arzulanan bir gün gerçək olur. Rusiya heç vaxt Cənubi Qafqazdan getmək istəməyəcək, bu, məlumdur. Ancaq o, zəiflədikcə də hər istədiyini də edə bilməyəcək. Türkiyənin son addımları da Rusiyanın xeyli zəiflədiyini göstərir. Bununla belə hələ də güclü və təhlükəlidir. Yaralanmış Ayı qəzəbli olur...

Orxan, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »