Rusiya Ermənistanı 9 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin formatından kənara çıxmamağa, Azərbaycanı da Laçın dəhlizini açması üçün addımlar atmağa çağırır. Bu barədə çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Biz İrəvanı üçtərəfli formatda işləməkdən əl çəkməməyə dəvət edirik. Onların boş vaxtları regiondakı vəziyyətə ziyan vurur və adətən vəziyyətin yerli səviyyədə gərginləşməsinə səbəb olur. Biz həmçinin Bakını Laçın dəhlizinin blokunu tamamilə açmaq üçün humanitar tədbirlər görməyə çağırırıq. Dağlıq Qarabağ əhalisini İrəvanla siyasi çəkişmələrin girovuna çevirməyin”,- deyə Mariya Zaxarova bildirib. Zaxarovanın çıxışında sonun cümlə diqqət çəkir.
Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan çoxtərəfli oyunlar oynayır.
Elşad Həsənov“Rusiya ilə müttəfiqdirlər. Rusiya onları indiyə qədər həmişə müdafiə edib. Onlara arxa olub silah-sursat kömək eləyib. Ancaq son illər artıq Rusiyadan üz döndərib, Qərbə üz çeviriblər. Fransa ilə, İranla yaxın əlaqələr saxlayırlar. Rusiyaya doğurdan da arxa çeviriblər.
Paşinyan hakimiyyəti Qərbin tapşırığı ilə Rusiyanı Cənubi Qafqazdan yəni Ermənistandan çıxarmaq istəyir.
Rusiyanın Ermənistanda həm iqtisadi, həm hərbi riçaqları, hərbi bazası var. Yəni bu mənada Rusiya Ermənistanda tam köklü oturub. Amma buna baxmayaraq, indiki hakimiyyət Paşinyan və onun komandası, “Soros”un uşaqları Rusiyanı vurub, Ermənistandan çıxarmaq istəyirlər”-deyən politoloq bildirib ki, ancaq mümkün deyil. Bu, hətta yaxın zamanlar üçün də real görünmür.
Politoloqun fikrincə, Ermənistanın Rusiyaya qarşı reaksiya göstərməsi üçün resursları yoxdur.
Elşad Həsənov hesab edir ki, Rusiya Ukraynada müharibədə zəyifləyir, onun siyasi, hərbi gücü azalır. Rusiya əgər müharibədə məğlub olarsa, Ermənistanda da çalışacaq ki, Rusiyanı Ermənistandan çıxarsın. Bu isə, təbii ki, təkcə Ermənistanın yox Qərbin və Amerikanın istəyidir. Bu səbəbdən də, onlar Rusiyanın bəzən çağırışlarına cavab vermirlər, Rusiya ilə bağlı məsələlərə önəm vermirlər.
“Keçən ilin sonunda İravanda keçirilən KTMT-nin tədbirində Paşinyan yekun sənədi imzalamadı. Sonra bu ilin əvvəlində Ermənistanda keçirilməsi nəzərdə tutulan hərbi təlimlərə icazə vermədi. Bütün bunlar onu göstərir ki, Ermənistan Rusiyadan qopmağa çalışır. Ancaq Rusiya da Ermənistanı əldən vermək istəmir. Çünki başa düşür ki, əgər onlar Ermənistandan çıxsalar deməli, Cənubi Qafqazdan tamam əllərini üzəcəklər. Ona görə Mariya Zaxarovanın belə çağırışı təbiidir. Bundan əlavə Lavrov dəfələrlə bu barədə onlara xəbərdarlıq edib ki, Qərbin dedikləri ilə oturub durmasınlar. Görünən odur ki, artıq Ermənistan Qərbə daha çox diqqət ayırır və Qərbin tələblərini daha çox yerinə yetirir”- deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info






