Aprelin 11-də Ermənistan növbəti dəfə təxribat törətdi. Bu təxribat zamanı Azərbaycan ordusunun bir əsgəri şəhid olub, biri ağır yaralanıb. Digər tərəfdən növbəti sülh danışıqları üçün görüş təyin edilib.
“Ermənistan adəti üzrə yenə təxribata əl atdı. Artıq bu ölkə açıq aşkar sülhə marağının olmadığını nümayiş etdirir”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat bildirib ki, beynəlxalq aləmə də əsl simasını göstərməkdə çəkinməyən erməni təxribatı hər zaman layiqli cavabını alır. Bundan sonra bütün təxribatlara cavab veriləməsi davam etdiriləcək.
Müşfiq Cəfərov“Ermənistan bütün təxribatların cavabını alacaq. Lakin hələ də öz həlini tapmayan bu sülh gündəliyini müzakirə etmək üçün nə zaman görüş tarixi açıqlanır bu hadisələr təkrarlanır. Təbii ki, bütün bu təxribatlaırn məqsədli şəkildə baş verdiyi şübhə doğurmur. Hər halda Ermənistanın snayperlərdən istifadə etməsi, əraziyə snayperlərin cəlb olunması təxribatın məqsədli şəkildə törədildiyini deməyə əsas verir”,- deyən deputat hesab edir ki, bu təxribatın əsas səbəbi Vaşinqtonda keçirilmiş danışıqlarda Ermənistanın ağır vəziyyətə düşməsi və gözlədiyi nəticəni əldə edə bilməməsidir. Onun sözlərinə görə, Vaşinqtonda keçirilən görüşlər rəsmi İrəvanın oyunlarının və diplomatik manipulyasiyalarının işə yaramadığını göstərdi.
“Bu görüş Paşinyan hökumətini ağır vəziyyətə salaraq, manevr imkanlarını məhdudlaşdırıb.Ermənistan Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə də eyni vəziyyətlə üzləşəcəyini və çətin vəziyyətə düşəcəyini bilir və bu səbəbdən onlar üçün ənənəvi metod olan təxribata əl atır”,- deyə Müşfiq Cəfərov vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






