“Böyük Qayıdış” İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Qarabağı və Şərqi Zəngəzurun bərpası prosesidir. Bu prosesə yolların çəkilməsi, şəhrlərin yenidən salınması, binaların tikilməsi, ağılı kəndlərin salınması, hava limanlarının tikilməsi və s. daxildir.
Qeyd edək ki, proses çərçivəsində ilk dəfə 2022-ci ildə Zəngilanın Ağalı kəndinə onlarla ailə köçürülüb. Hazırda proses sürətli şəkildə davam edir. Amma ərazilərimizin minalanmış olması, bu prosesə süni maneələr yaradır. Bütün bunlara baxmayaraq, 30 il işğal altında olan torpaqları işğal azad etməyi bacaran Azərbaycan bu prosesi də həyata keçirəcək. Bəlkə gec, bəlkə tez... Amma torpaqlarımız minalardan təmizlənəcək, bərpa ediləcək və azərbaycanlılar qürurla öz dədə-baba torpaqlarına köçəcəklər.
“Biz hər zaman cənab prezidentin rəhbərliyi altında istədiklərimizə nail oluruq. Bəzi proseslərdə gec və ya tez ola bilər, amma cənab prezidentin praqmatik və realist siyasəti nəticəsində verilən sözlər, irəli sürdüyü məsələlər hamısı həll olunur. Bu da zamanla həllini tapacaq.
Bir neçə ay bundan öncə cənab prezident Orta Assiya ölkələrinin birində çıxışı zamanı qeyd etmişdi ki, həmin əraziləri minadan təmizləyə bilmək üçün 25 milyard dollar və 30 il zaman lazımdır. Amma bu, o demək deyil ki, biz bu qədər gözləyəcəyik. Mərhələ-mərhələ ərazilər təmizlənərək, insanların həmin ərazilərə köçürülməsi nəzərdə tutulub. Artıq bu prosesə başlanılıb. Onlarla ailə həmin ərazilərə köçürülüb”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Rüfət Quliyev danışıb. O, bildirib ki, həmin ərazilərdə şərait yaradılmalı, infrastruktur tərəfdən böyük layihələr həyata keçirilir. Bu məsələlərin həyata keçirilməsi labüddür. İkinci məsələ yaşayış binalarının tikilməsi və iş yerlərinin açılmasıdır. Bütün bu proseslər kompleks şəkildə həll edilməlidir ki, həmin ərazilərə köçürülən insanlar rahat həyat sürə bilsinlər.
Rüfət QuliyevDeputatın fikrincə, proseslər mərhələli şəkildə həyata keçirilməlidir.
“Həmin iki zonanın Azərbaycana reinteqrasiyası həyata keçirilməlidir. Proseslər həll edildikcə, insanlar həmin ərazilərə köçürüləcək”- deyən deputat bildirib ki, hər bir insanın həyatı çox önəmli olduğu üçün bu prosesi tələsmədən həyata keçirmək lazımdır.
“Kifayət qədər zamanımız, maliyyə imkanlarımız, dünya təcrübəsi var, lazım olan mütəxəssislər dəvət edilir, investorların marağı var. Qaçqın və məcburi köçkünlərin iradəsi var”-deyən Quliyev əlavə edib ki, bu proses mərhələli şəkildə həyata keçiriləcək.
Rüfət Quliyev bildirib ki, hər kəs Azərbaycan prezidentinin siyasətini hörmətlə və rəğbətlə dəstəkləyir.
Tarixçi Rizvan Hüseynov Bizimyol.info xəbər portalına müsahibəsində qeyd edib ki, “Böyük Qayıdış” planı hələ bir neçə illik nəzərdə tutulmuş böyük bir plandır. Proses çərçivəsində işlər mərhələli şəkildə həyata keçirilir.
Rizvan Hüseynov, tarixçi“Biz bilirik ki, bəzi ərazilərə qayıdış təmin edilib. Zəngilanın Ağalı kəndinə qayıdış həyata keçirilib. Bu il ərzində Şuşa şəhərinə bir neçə yüz ailə qayıdacaq. İlin sonuna kimi Laçın şəhərinə yüzlərlə ailənin qaytarılması nəzərdə tutulub”- deyən politoloq bildirib ki, kütləvi qayıdışın təmin edilməsi üçün infrastruktur qurulur. Buraya yollar, tunellər, işıq və su təminatı, şəhər infrastrukturu və iş təminatı daxildir.
Politoloqun fikrincə, iş təminatı olmalıdır ki, qayıdan insanlar dayanıqlı olaraq öz torpaqlarında yaşaya və işləyə bilsinlər. Rizvan Hüseynov bildirib ki, bu proses uzun müddətli prosesdir. Bura həmçinin minatəmizləmə prosesi də daxildir.
“Bu, böyük təhlükədir. Son iki il ərzində yüzlərlə insan həlak olub, yaralanıb. 2025-2026-cı ilə qədər əsas Aran rayonları, 44 günlük müharibə dönəmində işğaldan azad olunan ərazilərdə bəzi kəndlərə ilkin qayıdış təmin ediləcək. 2026-cı ildən sonra daha kütləvi qayıdış təmin ediləcək”-deyə Rizvan Hüseynov bildirib. Onun sözlərinə görə, 2025-ci ildə həmin ərazilərə müvəqqəti olaraq nəzarət edən Rusiya sülhməramlılarının fəaliyyəti də başa çatacaq.
“Rusiya sülhməramlılarının hazırda fəaliyyətdə olduğu ərazilər bu fəaliyyət başa çatdıqdan sonra Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərinə qayıdış üçün infrastruktur və aidiyyatı layihələr gerçəkləşdirilməlidir. Bu da bir neçə il vaxt aparan məsələdir. “Böyük Qayıdış” məqsədinə uyğun həm böyük vəsait, həm böyük vaxt, həm də böyük səbr tələb edir. Biz səbrsizliklə deyil, əksinə səbrlə gözləməliyik ki, tarixi qələbəmizin nəticəsi olan “Böyük Qayıdış” mərhələli şəkildə icra edilsin”-deyə Rizvan Hüseynov əlavə edib.
İradə Cəlil, Bizimyol.info
Azərbaycan Respublikasının Medianın İnkişafı AgentliyiMəqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”.






