Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsi ilə əlaqədar Kanada xarici işlər naziri Melani Jolinin 25 aprel tarixli bəyanatı ciddi anlaşılmazlıq yaradır. Bu barədə Azərbaycan Xarici İşlır Nazirliyinin bəyanatında bildirilib. Qeyd edilib ki, Kanada xarici işlər nazirinin Azərbaycanın Qarabağ bölgəsinə yanlışlıqla “Dağlıq Qarabağ” kimi istinad etməsi qəbuledilməzdir. Bu kimi hallar zaman-zaman müxtəlif diplomatlar tərəfindən təkrarlanır. Bunun qarşısını almaq isə, görünür ki, çətin məsələdir.
“Azərbaycan bir neçə gün əvvəl Laçın yolunda öz sərhəd nəzarət məntəqələrini qurub. Təbii ki, bu, labüd idi. Görünən odur ki, bundan narazılığını dilə gətirən dövlətlər də oldu. Bəzi açıqlamalar və bəyənatlardan bu mənzərəni açıq görürük.”
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov açıqlamasında bildirib. O, qeyd edib ki, artıq Qərb də bütün dünyada Ermənistanın özünü köməksiz göstərib, haray salmağından bezib.
Müşfiq CəfərovEyni zamanda artıq bu məsələ heç bir sahədə əlavə dividentlər qazandırmır. Yəni artıq, beynəlxalq aləm də görür ki, nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı 30 il əvvəlki kimi deyil. İndi güclü dövlətimiz və güclü ordumuz var.
“Xalqımız isə daha ayıq-sayıq dövlətinin yanındadır. Təbii ki, əvvəllər Ermənistandan vasitə kimi istifadə edərək, Cənubi Qafqaza nüfuz və təsir etmək istəyənlər çox idi. Bu gün Azərbaycan o qədər güclənib ki, regiona hansı qüvvələrin təsirinin lazım olub-olmadığını müəyyənləşdirə bilir. Azərbaycan hökuməti bütün Cənubi Qafqaz üçün faydalı əlaqələrin qurulmasında maraqlıdır. İstər Kanada, istərsə də digər dövlətlər bəyənatla kifayətlənməyi üstün tutacaqlar. Bunun başlıca səbəbi Azərbaycanın düşünülmüş şəkildə həyata keçirdiyi xarici siyasətdir. Biz 30 ildir, Qarabağ məsələsində səbr nümayiş etdirirdiksə bunun səbəbi mövcud vəziyyəti, beynəlxalq rəydəki mənfi düşüncələri dəyişmək idi”-deyə deputat əlavə edib.
Müşfiq Cəfərov əmindir ki, əgər hər hansı bir dövlət bu məsələdə daha da irəli gedərək Azərbaycanın daxili işinə qarışmağı arzu etsə, hökumətimiz tərəfindən lazımi tədbir görüləcək.
İradə Cəlil, Bizimyol.info






