“23 aprel hadisələrinin son inkişafı kontekstində biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının əsas müddəalarını pozan hər hansı birtərəfli addımların yolverilməzliyini xüsusilə qeyd edirik”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edilir. Həmçinin bildirilir ki, Rusiya tərəfi ona yaxın Azərbaycan və Ermənistana siyasi səviyyədə bütün lazımi yardımı göstərməyə hazırdır.
“Ümumiyyətlə, Azərbaycan Laçın yolunda nəzarət buraxılış məntəqəsi qurduqdan sonra Rusiya tərəfinin bu kimi bəyanatları Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etmir. Rusiyanın bu kimi bəyanatlarını da, sülhməramlılarının fəaliyyətini də görürük. Onlar fəaliyyət göstərdikləri müddət ərzində demək olar ki, separtizmə dəstək olublar. Azərbaycanın suverenliyini, təhlükəsizliyini təhdid ediblər”.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Məhəmməd Əsədullazadə danışıb. Onun sözlərinə görə, məhz sülhməramlıların fəaliyyətsizliyi və separatizmə dəstək verməsi səbəbilə müharibədən sonra Ermənistanın və sepratçıların təxribatları artıb, Azərbaycanın təhlükəsizliyi təhdid olunub, Azərbaycan şəhid verib və mina terroruna məruz qalıb.
Məhəmməd Əsədullazadə“İndi də Rusiya tərəfi yenə də sülhməramlıların komandanlığının fəaliyyətindən danışmaqda davam edir. Bütün lazımi yerlərdə yardım göstərəcəklərini vurğulayır”,- deyən politoloq hesab edir ki, sülhməramlıların işi yardım və ya nəzarət deyil, konkret olaraq təxribat olub.
Rusiya Xarici İşlər Nazirliyinin açıqlamalarına gəldikdə, politoloqun fikrincə, bu açıqlamalar səthidir. Rusiya XİN verdiyi bu açıqlamalarla vəziyyəti gərginləşdirir. Ermənistanın silahlı birləşmələri isə, öz missiyalarını həyata keçirməkdədir. Artıq Rusiyanın bundan sonra Azərbaycana hər hansı bir müsbət siyasi dəstək verəcəyi də istisnadır.
“Biz Moskvanın hər hansı bir müsbət hərəkətini gözləməməliyik. Rusiya özünü sülhməramlı kimi doğrultmadı. Rusiya imperialist maraqları nəticəsində cənubi Qafqaz xalqlarına, ölkələrinə ciddi yanaşmadı. Yalnız öz maraqları konteksində yanaşaraq, prosesləri xaos vəziyyətinə gətirdi”-deyən politoloqun fikrincə, Rusiya hesab etmirdi ki, Azərbaycan güclüdür. Azərbaycan proseslərə özü nəzarət edir.
Məhəmməd Əsədullazadənin fikrincə, ümumiyyətlə Rusiyanın bu kimi bəyanatlarının Azərbaycan üçün hər hansı bir mənası yoxdur.
İlahin, Biizmyol.info






