“Ermənilər səfirliyimizin önündə sülh istədikləri şüarları səsləndirməklə yanaşı, həm də suveren Azərbaycan və Türkiyə torpaqları tələbi ilə çıxış edirlər”. Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim öz Twitter hesabında yazıb. Səfir ““Sülh” sözü ermənicə “müharibə” kimi tərcümə olunur?!”- deyə qeyd edib.
Xatırladaq ki, aprelin 23-də Laçın yolunda Azərbaycanın nəzarət buraxılış məntəqəsi yaradılıb. Bu da Ermənistanla Qarabağ arasında olan yolun nəzaərət götürülməsi deməkdir. Yəni Qarabağda ermənilər yaşasa da, Qarabağ bizimdir və biz öz ərazi bütövlüyümüzü nəhayət ki, bərpa edirik...
“Ermənilər bəzən hadisələri elə təqdim edə bilirlər ki, torpaqlarının 20 faizi 30 il işğalda olan, milyona yaxın vətəndaşı qaçqın vəziyyətinə düşən, insanları öz doğma dədə-baba yurdlarından -Qərbi Azərbaycan torpaqlarından qovulan, 30 il müharibə şəraitində yaşayan Azərbaycan vətəndaşı olmağıma baxmayaraq təəccüblənirəm. Sanki biz bunlara qarşı hər hansı bir işğalçılıq siyasəti həyata keçirmişik, soyqırım etmişik. Ermənilərin belə aksiyalar keçirib, sülh tələb etmələri insanda istehza doğurur”.
Bizimyol.info xəbər portalına Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü danışıb:
"Maraqlıdır, nə qədər riyakar olmaq olar? Bu ərazilərə başqa yerlərdən gələn, 200 il ərzində təkcə Azərbaycan Türklərinə qarşı deyil, digər millətlərə qarşı soyqırımlar həyata keçirən, etnik etnik təmizləmə siyasəti həyata keçirən, torpaqları işğal edən, başqasının torpağını, mədəniyyətini, mənəvi dəyərlərini və s. mənimsəməyə çalışan, mənimsəyən bir millət özünü dünyaya sülh tələb edən bir millət kimi təqdim edir".
Mübariz Göyüşlü, Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçiPolitoloq bildirib ki, belə bir riyakarlıq ancaq ermənililərə məxsus ola bilər. Ancaq erməni güya sülh istədiyini bu şəkildə təqdim edə bilər. Azərbaycanla Türkiyəni ermənilərə qarşı müharibə aparmaqda, soyqırım siyasəti yürütməkdə ittiham edirlər. Bu ittihamlar sadəcə gülüncdür.
“Ermənilər 1918-ci il mart soyqırımına görə cavab verməlidirlər. Ermənilər 1948-53-cü illərdə olan köçürmə siyasəti zamanı azərbaycanlılara qarşı etdiklərinə görə, cavab verməlidilər. Türkiyəyə qarşı Ərdəhan, İranda, Gürcüstanda, Azərbaycanda, Qubada, Bakıda və başqa yerlərdə etdikləri soyqırımlara görə, 90-cı illərdə azərbaycanlıları məcburi şəkildə Qərbi Azərbaycandan deportasiya etmələri, Qarabağ savaşı, Xocalı soyqırımı, Bağanis-Ayrım soyqırımı və s. saymaqla bitmir. Yəni bunlara görə cavab verməli olduqları halda bu qədər əməlləri törədən bir millət indi gəlib, güya sülh çağrışı edir. Özlərini sülhsevər kimi təqdim etməyə çalışırlar. Bu, sadəcə riyakarlıqdır”-deyən politoloq bildirib ki, Azərbaycan artıq bölgədə özü ədaləti təmin edir. Qarabağda, Azərbaycan torpaqlarında normal düşüncə tərzi olan ermənilər qalıb yaşaya bilərlər. İstəməyənlər isə çıxıb gedə bilərlər.
Mübariz Göyüşlü hesab edir ki, belə aksiyaları Ermənistanda radikal olan qrup təşkil edir. Bu kimi aksiyaları xaricdə yaşayan diaspor, kilsə və eyni zamanda “Daşnaqsutyun” partiyası təşkil edir. Bu, 3-lü qrup çox radikaldır. Ermənistanda onlar barışıq, sülh, ədalət, dinc və yanaşı yaşamaq prinsiplərinə qarşı çıxırlar.
“Amma onların çalışmaları nəticə verməyəcək. Ən yaxşısı, Azərbaycanın və Türkiyənin təkliflərinə razılaşıb normal yaşamaq formasını seçməkdir”,- deyə politoloq vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






