Bir neçə gün əvvəl nəhayət Laçın ərazisində Azərbaycanın nəzarət buraxılış məntəqəsi yaradıldı. Bu məntəqənin yaradılması Qarabağla Ermənistan arasında olan yolun nəzarətə alınması deməkdir. Yəni daha Ermənistandan Qarabağa silah-sursat və s. digər vasitələr daşınmayacaq. Artıq ermənilər Azərbacan torpağında oturub, Azərbaycanla müharibəyə gedə bilməyəcəklər. Amma... Məsələnin amması odur ki, Qarabağ ərazisində 10 minlərlə qanunsuz silahlı erməni birləşmələri var. Və onları tez bir zamanda zərərsizləşdirmək lazımdır…
“Bu, bir tarixi hadisədir. 1992-ci İl mayın 18-də Laçın rayonun işğalından sonra ilk dəfədir ki, Azərbaycan silahlı qüvvələri Laçın yolu adlanan, illərdir Laçın dəhlizi deyilən Azərbaycanla Ermənistan sərhədində öz hərbi postunu qoya bildi. Həmin o sərhəd hissəsini, o ərazini götürə bildi”.
Bu barədə Bizimyol.info xəbər portalına “Ağ Partiyanın” başqan müavini Əhəd Məmmədli danışıb. Onun sözlərinə görə, bu, ciddi bir hadisədir. Məmmədlinin fikrincə, İkinci Qarabağ savaşında Şuşanın azad edilməsindən sonra bəlkə də həm strateji, həm də psixoloji baxımdan ən ciddi uğur, məhz bu hadisədir.
Əhəd MəmmədliPolitoloq hesab edir ki, strateji baxımdan Laçın yolunun dövlət sərhəd hissəsinin nəzarətə götürülməsi, Ermənistanla Qarabağın rəsmi yolunun qarşısını almaqdır. Psixoloji baxımdan isə, bu, Qarabağda yaşayan ermənilərin Ermənistandan ayrılması deməkdir.
“Onların yolları Laçın yolu - Qarabağla Ermənistanı birləşdirən yol idi. Laçın yolunda buraxılış nəzarət məntəqəsinin qurulması o yolun ayrılması deməkdir. Bu, həm psixoloji baxımdan ciddi bir hadisədir. Belə olmasaydı, Qarabağ ermənilərində, Azərbaycan ərazisində rusların hesabına qalan qanunsuz erməni silahlı birləşmələrində və onların saxta qurumlarında bu əndişələri görməzdik”,- deyə Əhəd Məmmədli bildirib. O, qeyd edir ki, bu prosesi davam etdirmək vacibdir. Son məlumatlara görə, həmin ərazilərdə Azərbaycan tərəfindən Rusiya sülhməramlılarının manevr imkanlarının qarşısı alınmağa başlayıb.
“Tam olaraq orada elə bir situasiya yaranmalıdır ki, Rusiya sülhməramlılarının həmin o Azərbaycan ərazilərində olmasının mənası və məntiqi itməlidir. Biz tam olaraq, Rusiya sülhməramlılarının müvəqqəti olaraq nəzarət etdiyi əraziləri, Xankəndi də daxil olmaqla bu ilin sonuna qədər nəzarətə götürməliyik. Çünki biz həmişə qeyd edirik ki, “artıq status-kvo dəyişilib, əvvəlki status-kvo yoxdur. Bəli, əvvəlki status-kvo yoxdur, amma yeni bir status-kvo yarana bilər. Yeni status-kvo yaransa və orada yenə də erməni hərbi mövcudluğu Qarabağda qalsa, bu vəziyyət Azərbaycanın xeyrinə olmayacaq. Ölkənin dövlət başçısı dedi ki, orada on min silahlı birləşmə var. On min silahlı birləşmə üçün ciddi bir rəqəmdır. Bu, bir terror təşkilatının tam komplekləşdirilməsidir. Onların oradakı mövcudluğu qalsa, onlar 10 mindən 50 minə qədər arta bilərlər. Bu səbəbdən bunun da qarşısnın alınması üçün, tam olaraq 10 minin də sıfıra çevrilməsi üçün biz bu ilin sonuna qədər bütün öz suveren ərazilərimizi nəzarətimizə götürməliyik”-deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info






